Qurban Qurbanovdan çempionluq şərhi

Xəbərlər
29 Mart 2024 21:46
Qurban Qurbanovdan çempionluq şərhi

“Biz çempion olacağımıza inanırdıq. Adil bəyə və komandasına uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm. Onlar üzərlərinə düşən vəzifənin öhdəsindən gəldilər. Belə uğurlar futbolçuları daha peşəkar edir”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”lə oyunda çempionluğu rəsmiləşdirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

- Bundan sonrakı hədəfiniz nədir?
- ⁠Bizim işimiz elədir ki, daima uğurun dalınca getməliyik. Biz mövsümboyu daha yaxşı olmaq istəyiriksə, həmişə bu barədə düşünməliyik. Bizim kimi ölkələrdə belə uğurlar 5-10 il ərzində olur. 2-3 il ərzində böyük klublar da nəticə əldə edə bilmirlər. Bu ,futboldur. Ölkə çempionatında nə qədər gücümüz varsa, çıxışımız davam etdirəcəyik.

- ⁠Milli komandadan sizə təklif gəlibmi?
- ⁠Bəli namizədliyim verilib. Baş məşqçiliklə bağlı təkliflər olmayıb. Əvvəllər də mənə bu tipli suallar verilib. Təklif olunduğu təqdirdə müzakirə oluna bilər. Baş məşqçinin əcnəbi olması ilə bağlı xəbərlərdə yayılır.

- ⁠Çempion olmaq ciddi iş tələb edir, vaxtından əvvəl olmaq isə məsuliyyəti artırır. Qarşıdakı oyunlarda komandanı necə hazırlaşacaqsınız?
- ⁠Qarşıdakı oyunlara daha ciddi hazırlaşacağıq. Bəzi futbolçuları müəyyən günlərdə istirahət verəcəyik. Əsasən də millidə olan oyunçulara. Ötən ildə də belə etdmişik. Bunun da müsbət nəticəsini gördük. Çünki mövsümün sonunda millinin yenidən matçı olacaq. Futbolçular yeni yarışa hazır olmalıdırlar.

- ⁠Benzianın zədəsi nə yerdədir?
- Zədəsi çox ciddi deyil.O, sabahdan komanda ilə birlikdə məşqlərə başlayacaq.

- ⁠Çempion olandan sonra futbolçularla nə danışdınız?
- ⁠Onları təbrik edib, öz ürək sözlərimi dedim. Futbolçulara görə çox sevinirəm. İlk dəfə çempion olanlar və bunu təkrar edənlər var.

- ⁠Cari mövsümün sonunda heyəti qoruyub saxlamaq çətin olmayacaq?
- ⁠Heyəti qoruyub saxlamaq çətin olur. Çalışacam ki, futbolçularımı saxlaya bilim. Oyunçuların gələn mövsümdə daha yaxşı olmaq şansları çoxdur. Elə hallar olur ki, istəsək də, onları saxlaya bilmirik. Bizdən aslı olan hər bir vasitədən tam istifadə edirik.

- ⁠AFFA-dın vitse-prezident postu ilə bağlı təklif gəlsə münasibətiniz necə olacaq?
- ⁠İnanmıram belə təklif olsun. Hələ ki, məşqçi missiyam əsas məqsədimdir. Çünki hazırda burdayam və “Qarabağ”la çalışmaq mənə xoşdur. Həmçinin müzakirə olunmayan mövzu barədə fikir bildirməyi xoşlamıram. İcraiyyə Komitəsinə namizədliyim verilib, amma təsdiq olunmayıb. Tam əmin olduqdan sonra fikirlərimi inamla ifadə edərəm.

- ⁠Elvin Cəfərquliyevin və Nəriman Axundzadənin intizamsız hərəkətləri ilə bağlı yazılar dərc olunur. Bu barədə nə düşünürsünüz?
- ⁠Ümumiyyətlə, bu, mənim xoşlamadığım mövzudur. İntizamsızlıqla bağlı futbolçularım barədə danışılmasını sevmirəm. Futbol aqressiv oyundur. Bəzən düşünülməyən hadisə olanda xoşagəlməz şeylər yaşanır. Nizam-intizamla bağlı futbolçularımla daima danışıram. Yola bir yerdə çıxmışqısa, bu birliyi qorumalıyıq. Elvin biraz aqressivdir. Onda çılğınlıq var. Məncə, qarşıda daha yaxşı olacaq. Belə epizodların gələcəkdə yığışdırılacağına inanıram. Elvin istər millidə istərsə də, burada daha diqqətli olmalıdır. Bu yaşda yolunu aza bilirsən. Nərimana gəldikdə isə onun barəsində yazıları oxumuşam. O elə uşaqdır ki, ondan kəlbətinlə söz alırsan. Detalları bilmirəm. Elə olur ki, bəzən öz gözümlə görməmişəm amma xəbərlər çatır. Bu o demək deyil ki, kiməsə diqqətsizlik edirik.

- Gürcüstan millisinin Avropa çempionatına vəsiqə qazanmasından sonra federasiya rəhbərliyində futbol keçmişi olan şəxslərin olmasına daha önəm verilməli olduqlarını bildirilir. Siz bu barədə nə düşünürsünüz?
- ⁠Mən ümumiyyətcə rəhbər vəzifələrdən uzaq olmuşam. Onun tərəfdarıyam ki, futbolun içərisində olan insanlar o cür qurumlarda olsa daha yaxşı olar. Bəzi futbol mütəxəssislərinin seçilib, federasiyada olması daha uyğundur.

İdman.biz