Qurban Qurbanov gənc futbolçular haqda: “Getsələr, onların inkişafı dayana bilər”

Xəbərlər
28 Fevral 2024 22:19
Qurban Qurbanov gənc futbolçular haqda: “Getsələr, onların inkişafı dayana bilər”

“İki fərqli hissə oldu. Çox yaxşı baş məşqçiyə qarşı oynayırdıq. İlk hissə bizim üçün asan olmadı”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” ilə oyunda qələbəni şərh edib: “Futbolçularda yorğunluq var. Çox güc sərf ediblər. "Neftçi" və "Bayer"lə oyuna kimi hamı bərpa olacaq. Kaxaber Tsxadadzeni görmək maraqlı və çox xoş oldu. Onun komandalarına qarşı hazırlaşmaq üçün həmişə çox vaxt sərf etmişəm. İlk hissədə göründü ki, o qədər də asan olmayacaq”.

“Qarabağ”ın baş məşqçisi gənc futbolçu Nəriman Axundzadə ilə bağlı danışıb. Qurbanov gənc oyunçulara məsləhət verib: “Təcrübəm onu deyir ki, gənc futbolçuların "Qarabağ"da oynaması onların inkişafını tezləşdirir. Başqa mentalitetdə olan futbolçulardır. Bu gün Avropaya getməkləri tezdir. Getsələr, onların inkişafı dayana bilər. 2-3 il burada böyük oyunlarda iştirak edib Avropaya getsələr, daha yaxşı olar”.

Qeyd edək ki, “Qarabağ” səfərdə “Qəbələ”yə 4:0 hesabı ilə qalib gəlib.

İdman.biz