Zeynal Zeynalov 4-cü yığmada oynamayacaq: “Təklifi geri çevirmədim”

Müsahibə
6 Fevral 2024 14:52
Zeynal Zeynalov 4-cü yığmada oynamayacaq: “Təklifi geri çevirmədim”

“İnter”in oyunçuları məni bu kluba gəlməyi təklif etdilər və mən də razılaşdım”.

Bunu İdman.bizə çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov deyib.

45 yaşlı veteran oyunçu minifutbol üzrə “İnter” klubuna keçməsinə münasibət bildirib. Onun sözlərinə görə, dəvət milli sabiq futbolçularından gəldiyi üçün təklifi geri çevirməyib: “Həftədə 2-3 dəfə futbol oynayıram. Düşündüm ki, bu müddətdə bir dəfə də yoldaşlarıma kömək məqsədi ilə rəsmi oyuna çıxa bilərəm. Yəni bu, futbola qayıdış deyil”.

Azərbaycanın futbol, futzal və çimərlik futbolu yığmalarında oynamış Zeynalov minifutbol millisində çıxış etmək fikrində deyil. O qeyd edib ki, əsas məqsədi “İnter”ə kömək etməkdir.

Mütəxəssis Azərbaycan çempionatında iştirakının çimərlik futbolundakı işinə maneçilik törətməyəcəyini deyib. “Əsas işim çimərlik futboldur. Baş məşqçi kimi bu istiqamətdə də işlər görürük və planlarımız var”.

Qeyd edək ki, yeni klubunda 9 nömrəli forma ilə çıxış edəcək Zeynalov futbolçu karyerasını 2010-cu ildə başa vurub.

Banuçiçək Hüseynli
İdman.biz