Elmar Baxşıyev millimizin Lixtenşteynlə oyunu barədə danışıb

11 Noyabr 2026 17:12
34
Elmar Baxşıyev millimizin Lixtenşteynlə oyunu barədə danışıb

“Millimiz qrupda son oyununa çıxacaq. Ona görə turniri maksimum nəticə ilə başa vurmaq önəmlidir”.

Bu sözləri Azərbaycan futbol millisinin keçmiş üzvü Elmar Baxşıyev deyib.

“Qəbələ” və “Araz-Naxçıvan” klubunun sabiq çalışdırıcısı Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lixtenşteynlə səfər qarşılaşması ilə bağlı danışıb. Bakıda bu komanda ilə keçirilən qolsuz oyuna da toxunan mütəxəssis yığmamızın bu dəfə mümkün qədər tez qol vurmalı olduğunu qeyd edib.

“Bakıdakı oyunda millimiz qalib gələ bilməmişdi. Çünki belə komanda ilə oyunda qol vurmadıqca rəqibə inam vermiş olursan. Ona görə də bu dəfə hesabı nə qədər tez açsaq, o qədər xeyrimizə olar. Bakıdakı oyunda komandamızın epizodları az olmadı. Onları dəyərləndirmək lazım idi. Belə olsa, bu qədər tənqidlər də olmayacaqdı. Hamı qələbə gözləyirdi. Ona görə də tənqidlər başadüşüləndir”, - deyə o qol.az-a açıqlamasında bildirib.

E.Baxşıyevin sözlərinə görə, baş məşqçi Ayxan Abbasovun seçim imkanı azdır və milliyə kimlər lazımdırsa, onlar da dəvət alıb:

“Baş məşqçinin əlinin altında olan futbolçular bunlardır. Məncə, kimlər varsa, hamısına dəvət göndərir. Uzağı 1-2 futbolçu bəzən millidən kənarda qala bilər. Hər məşqçinin bir baxışı var. Bunu da nəzərə almaq lazımdır. Milli üçün futbolçu seçimi çətindir. Bu da çox uzun mövzudur. Çox uzağa getmək istəmirəm. Görünən odur ki, baş məşqçinin seçimi o qədər geniş deyil.

Mən oynadığım dönəmdə bir mövqedə 5-6 futbolçu var idi ki, onların üzərində dayanılırdı. İndi isə bir mövqeyə ikinci futbolçunu tapmaq müşkül məsələdir”.

E.Baxşıyev Misli Premyer Liqasının hazırkı durumu ilə bağlı da fikirlərini bölüşüb:

“Düzdür, indi kimin çempion olacağı sual doğurur Hansı ki, bir neçə ildir belə olmurdu. Bir neçə komandanın çempionluq uğrunda yarışması da yaxşıdır. Amma liderlər qrupunda olan 4-5 komanda ilə digərləri arasında belə uçurumun olması heç də yaxşı deyil. Çempionatın daha da maraqlı olması və inkişafı üçün həmin medallar uğrunda oynayan komandaların sayının 8-9 olması yaxşı olardı”.

İdman.Biz