“Səbail”in prezidentinin yeni müşaviri: “Futbolda lift yoxdur, pilləkənlər var” - MÜSAHİBƏ

11 Noyabr 2026 15:44
36
“Səbail”in prezidentinin yeni müşaviri: “Futbolda lift yoxdur, pilləkənlər var” - MÜSAHİBƏ

“Bu gün klubun prezidenti Mirzə bəy məni komandaya təqdim etdi”.

Bunu ötən gün “Səbail” futbol klubunun prezidentinin müşaviri vəzifəsinə təyin olunan Emin Abbasov sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Səbail”də yeni vəzifəyə təyin olunmağınız necə baş tutdu?

- “Səbail”in prezidenti Mirzə Bayrampurla tanışlığımız var idi. Təklif ondan gəldi. Danışdıq, baxışlarımızı bölüşdük və əl sıxışdıq ki, bir yerdə çalışaq.

- Klub prezidentinin müşaviri kimi əsas fəaliyyət istiqamətləriniz hansı yöndə olacaq?

- Klub strukturunun qurulması və digər istiqamətlərdə də bilgilərimi paylaşıb yardımçı olmağa çalışacağam. İlk növbədə Media Departamentini yenidən quracağıq. Bilirsiz ki, Rəşad Məmmədov klubdan ayrılıb. Yaxın günlərdə yeni mətbuat katibinin də adı açıqlanacaq. Klubda effektiv idarəetmə strukturu qurulacaq.

- “Səbail”in hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Bu gün klubun prezidenti Mirzə bəy məni komandaya təqdim etdi. Oyunçulara da bildirdim ki, futbolda lift yoxdur, pilləkənlər var. Yəni birdən-birə heç nə olmur. Baş məşqçi Elnur Abdullayevlə də qısa söhbətimiz baş tutdu. Birinci Liqa fərqli çempionatdı. Burada daha çox güc futboluna, mübarizəyə üstünlük verirlər. Şəxsi qənaətim odur ki, Premyer Liqada çıxış etmiş futbolçuların Birinci Liqanın mühitinə uyğunlaşmasına zaman lazımdır.

- Komandanın yenidən Misli Premyer Liqasına qayıtması üçün hansı addımlar atılmalıdır?

- Məsələ yalnız Premyer Liqaya qayıtmaq deyil. Mən bura ona görə gəlmişəm ki, Qubanı təmsil eləyən ciddi, güclü klub yaradaq. Bu istiqamətdə ciddi işlər planlaşdırılıb. Əsas komanda üçün məşq kompleksi, akademiya üçün ayrıca baza və s. Bir az zaman aparacaq, lakin klubun prezidenti ən yaxşısını etməyə çalışacaq.

İdman.Biz