“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç gələcəkdə Polşanın “Lex” klubuna qayıtmaq istədiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə Polşanın “Meczyki” nəşrinə müsahibəsində danışıb.
Jurnalistin nə vaxtsa “Lex”ə qayıtmaq istəyib-istəmədiyi ilə bağlı sualını cavablandıran Puxaç bunu arzuladığını bildirib:
“Əlbəttə, əlbəttə. Bunun üçün çalışacağam. “Lex” inanılmaz dərəcədə inkişaf edən klubdur. Bunu görmək çox xoşdur. Klub böhran yaşadığı vaxt orada çıxış edirdim. Birlikdə bu vəziyyətdən çıxdıq, gənc futbolçuların inkişafına kömək etdik və Avropa Liqasına vəsiqə qazandıq”, - deyə o bildirib.
Polşalı futbolçu İngiltərə Premyer Liqasında da özünü sınamaq istədiyini qeyd edib.
Qeyd edək ki, “Lex”in yetirməsi olan Puxaç klubun əsas komandasında 82 oyun keçirib, yeddi qol vurub və 12 məhsuldar ötürmə edib. 2021-ci ildə Berlin “Union”una transfer olunan müdafiəçi daha sonra “Trabzonspor”, “Panatinaikos”, “Kayzerslautern”, “Holşteyn Kil” və “Plimut”da çıxış edib. O, 2025-ci ildən “Sabah”ın formasını geyinir. Futbolçunun Bakı klubu ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.
