Vaqif Sadıqov: “Dünya çempionatı futbolçularımız üçün Avropaya çıxış baxımından tramplindir”

26 Oktyabr 2026 19:06
97
Vaqif Sadıqov: “Dünya çempionatı futbolçularımız üçün Avropaya çıxış baxımından tramplindir”

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Bakıda keçirilən FIFA U-15 dünya çempionatında Azərbaycan millisinin çıxışını yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis Famil Xəlilovun rəhbərlik etdiyi komandanın böyük potensiala malik olduğunu və turnirin gənc futbolçular üçün Avropaya çıxış imkanı yaratdığını bildirib.

“Milli komandamız dörd oyundan üçündə qələbə qazanıb. Yalnız Avstraliyaya məğlub olmuşuq. İnanırıq ki, komandamız lazımi oyunu sərgiləyərək qələbə seriyasını davam etdirəcək və qrup liderlərindən birinə çevriləcək”, - deyə Vaqif Sadıqov AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Sadıqov dünya çempionatında xarici klubların skautlarının iştirakına xüsusi diqqət çəkib:

“Qeyd etmək lazımdır ki, bu yaş qrupunda olan futbolçularımız çox böyük potensiala malikdirlər. Hesab edirəm ki, onların üzərində işləməklə, məşq prosesinə diqqət ayırmaqla və hər cür şərait yaratmaqla gələcəkdə güclü, istedadlı futbolçular yetişdirə bilərik. Onlar Azərbaycan futboluna öz töhfələrini verməyə qadirdirlər. Dünya çempionatı futbolçularımız üçün Avropaya və dünyaya çıxmaq baxımından bir tramplindir. Hazırda müxtəlif ölkələrdən olan skautlar turniri izləyir, bu yaş qrupunda çıxış edən oyunçulara xüsusi diqqət yetirir, qeydlər aparırlar. Onlar perspektivli futbolçuları izləməyə başlayır, gələcək üçün ilk addımlarını atırlar. Skautlar gənc oyunçuların inkişafında, onlara yol göstərilməsində və gələcək karyeralarının qurulmasında mühüm rol oynayırlar. Bu gün ayrı-ayrı ölkələrin skautları ölkəmizdədirlər və hesab edirəm ki, seçiləsi futbolçularımız çoxdur. Onları lazımi səviyyədə izləyib gələcəkdə hər birinə uyğun şərait yaratsalar, Avropada da özlərini sınaya bilərlər”.

AFFA rəsmisi Bakıda səfərdə olan FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerlə görüşündən də danışıb:

“Uzun söhbətimiz olmadı. Məşqçilər olaraq bir-birimizə xoş sözlər söylədik, gələcək fəaliyyətimizdə uğurlar arzuladıq. FIFA rəhbərliyinin nümayəndələrinin turnir boyunca burada olması yarışın əhəmiyyətini göstərir. Onlar yalnız açılış mərasimində iştirak edib getməyiblər, turnirin sonunadək burada qalaraq oyunları izləyəcəklər. Bu da gələcək inkişaf üçün mühüm əhəmiyyət daşıyır”.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə Timor-Lesteni 6:0, Andorranı 1:0 və İsraili 3:1 hesabı ilə məğlub edib, Avstraliyaya isə 1:3 hesabı ilə uduzub.

FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 30-da başa çatacaq.

İdman.Biz