Yuri Maksimov: “Qarabağ” və “Sabah” Avropa komandaları ilə müqayisə oluna bilər” - MÜSAHİBƏ + FOTO

19 Oktyabr 2026 17:15
96
Yuri Maksimov: “Qarabağ” və “Sabah” Avropa komandaları ilə müqayisə oluna bilər” - MÜSAHİBƏ + FOTO

“Kiyevdəki matçda stadiona 95 min azarkeş gəlmişdi”.

Bunu “Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Yuri Maksimov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Xersonda dünyaya göz açmısınız. Futbola marağınız necə yarandı?

– 8 yaşımdan futbol ilə məşğul olmağa başlamışam. Müəyyən dönəmlərdə veloidman, yüngül atletika və başqa növlərə üstünlük vermişəm. Sonra yenidən futbola qayıtmışam. Keçmiş SSRİ-nin böyük futbolçularından olan Vladimir Veremeyevin qardaşı Sergey Xersonun “Kristall” klubunda oynayırdı, karyerasını bitirəndən sonra uşaqları çalışdırmağa başladı. Potensialımı görüb məni komandaya qaytardı. 18 yaşımda isə “Kristall”ın əsas heyətinə cəlb olundum. Hətta əsgərliyə yollanmazdan əvvəl 1 matç da keçirdim. Hərbi xidmətdə Qara dəniz donanmasının idman klubuna düşdüm, Sevastopolda məskunlaşırdıq. Hərbi qüvvələrin iştirakı ilə turnirdə iştirak edirdik. Ardınca Krım futbolu qarşısında böyük xidmətləri olan Anatoli Zayayev ilə tanış oldum. O, “Tavriya”nın baş məşqçisi idi və əsgərliyi başa vurandan sonra məni komandasına götürdü. Simferopol təmsilçisində 1,5-2 il çıxış etdim. Yeri gəlmişkən, ilk qolumu “Neftçi” ilə oyunda vurdum. Söhbət 1990-cu ildə Simferopolda keçirilən və 2:2 hesabı ilə yekunlaşan matçdan gedir. Bir müddət sonra baş məşqçi Nikita Petroviç Pavlovu “Tavriya”dan “Kristall”a üz tutdu. Məni də doğma şəhərimin klubuna dəvət etdilər. Həm də evlənmək istəyirdim, mənə mənzil söz verdilər. “Tavriya”da 5 qol vurmuşdumsa, növbəti mövsümdə “Kristall”ın heyətində artıq 28 dəfə rəqib qapılarına yol tapdım. Ardınca Pavlova “Dnepr”dən təklif gəldi. Komandaya SSRİ çempionluğunu qazandıran Yevgeni Kuçerevski postundan ayrılmışdı. Sonra məni də dəvət etdilər. Xüsusilə də başla əla oynayırdım. Pavlov hətta komandadaxili iclasların birində zarafatla demişdi ki, indi bir futbolçunu heyətə cəlb edəcəyik, aranızda topu cərimə meydançasına dəqiq ötürən var? “Dnepr”də Vadim Tişenko, Vladimir Qorilı, Viktor Konseviç, Valeri Qorodov, Andrey Yudin, Vladimir Baqmut kimi oyunçular çıxış edirdi. Bir sözlə, heyət yaxşı idi. “Dnepr”də iki il oynadım, ardınca Kiyev “Dinamo”sundan dəvət etdilər. Komandamızın 4 futbolçusuna təklif göndərdilər.

– Sizi “Dinamo”ya Valeri Lobanovski dəvət etmişdi?

– Yox, o, həmin vaxt klubda deyildi. Baş məşqçi Yojef Sabo idi. Sonra Pavlovu komandanın rəisi vəzifəsinə gətirdilər. Biz də 4 oyunçu olaraq – mən, Sergey Bejenar, Sergey Konovalov və Yevgeni Poxlebayev “Dinamo”ya keçdik. Çünki “Dnepr”in ciddi maliyyə problemləri və futbolçulara xeyli borcu var idi. Buna qədər Moskva “Dinamo”sundan da təklif gəlmişdi. Hətta ora yollanıb müqavilə imzaladım, mənə mənzil və çox yaxşı şərtlər vəd olundu. Bu vaxt qeyd etdiyim üç futbolçumuz isə artıq Kiyevə gedib “Dinamo” ilə sözləşməyə qol çəkdi. Sonra Pavlov və Surkis mənə zəng etdilər ki, sən də komandaya qoşul. Artıq Moskva “Dinamo”su ilə müqavilə bağladığımı dedim. Onlar isə cavab verdilər ki, narahat olma, biz hər şeyi yoluna qoyarıq, lazım olsa, bəzi sənədlər federasiyaya çatmayacaq. Bir sözlə, məni də razı saldılar. Bir ildən sonra baş məşqçimiz Lobanovski oldu. Artıq 28 yaşım var idi, müqaviləmin müddətinin başa çatmasına bir il qalırdı. Əvvəlcədən rəhbərliyə özümü Avropada sınamaq istədiyimi söylədim. “Sauthempton”dan mənə təklif gəldi, orada iki həftə baxışda oldum. Hətta Yeni ili baş məşqçi Qrem Sunessin evində keçirdim. Hər şeyi əla idi, təkcə “Dinamo”nun maliyyə məsələsində güzəştə getməsi qalırdı. Çünki “Sauthempton” mənə görə 2 milyon ödəməyə hazır idi, klubum isə daha çox istəyirdi. Təəssüf ki, klublar razılığa gələ bilmədilər, mən isə “Dinamo”ya qayıtmalı oldum. Ardınca Vyana “Rapid”inin texniki direktoru işləyən Sergey Şavlo məni bu komandaya dəvət etdi, amma istəmədim. Sonra Valeri Qazzayev məni “Alaniya”ya çağırdı. Almaniyanın Visbaden şəhərində onunla görüşüb müzakirə etdik, şərtlər çox yaxşı idi. Lakin yenə də “Dinamo” ilə anlaşa bilmədilər, klub məni buraxmamağa çalışırdı. Kiyevə qayıtdım, bir müddət sonra isə Surkis məni yanına çağırdı. Dedi ki, görürəm, getməyə can atırsan, daha yaxşı şərtlər olan müqaviləni imzala, səni 6 ay ərzində satacağımıza söz verirəm. Belə də etdim. Çempionlar Liqası başladı, PSV, “Barselona” və “Nyukasl” ilə eyni qrupda yer aldıq. Niderland və İspaniya klubları ilə matçlarda qol vurdum. Sonra isə “Verder”ə keçmək variantım ortaya çıxdı. Viktor Skripnik artıq yarım il idi orada oynayırdı. Bremen təmsilçisi mənim çıxışımı və statistikamı diqqətdə saxlayırdı. “Kamp Nou”da “Barsa”ya 4:0 hesabı ilə qalib gəldiyimiz oyundan sonra “Verder” məni 3,5 milyon alman markasına transfer etdi. Surkisin yalnız bir şərti oldu ki, ÇL-in 5-ci turunun PSV ilə matçda meydana çıxım və komandanın pley-offa yüksəlməsinə kömək edim. Noyabrın 27-də Kiyevdəki Olimpiya stadionunda baş tutan oyundan (1:1) sonra azarkeşlərlə vidalaşdım. Növbəti gün “Verder” mənə görə təyyarə göndərdi. Artıq noyabrın 29-da isə Bundesliqanın “Ştutqart” ilə matçında start heyətində yer aldım.

– “Dinamo” 1997/98 mövsümündə ÇL-in ev oyununda da “Barselona”ya böyük hesabla qalib gəldi – 3:0. Komandanın ikinci qolunu siz vurdunuz. “Barsa” ilə həmin duelləri necə xatırlayırsınız?

– Kiyevdəki matçda stadiona 95 min azarkeş gəlmişdi. Bu qədər insanın qarşısında oynamaq möhtəşəm bir hissdir. O dərəcədə ajiotaj var idi ki, heç hakimin fiti eşidilmirdi. Sergey Rebrov zərbə endirdi, rikoşetdən sonra top qarşıma düşdü, mən də sol ayaqla qapını nişan aldım. Lobanovski demişdi ki, topu saxlamadan işlək olmayan ayaqla belə zərbə endirmək böyük ustalıq tələb edir. Komandamız əla idi: Şevçenko, Rebrov, Lujnı, Şovkovski və s.

– Necə düşünürsünüz, Andreas Hersoqu “Verder”də layiqincə əvəzləyə bildiniz? Almaniya klubu məhz onun zədəsindən sonra “Dinamo”nun şərtlərinə razılaşaraq transferinizi tezləşdirdi.

– “Verder”ə keçəndə az qala 29 yaşım var idi. Hersoq zədəsini bərpa edəndən sonra onunla birgə oynamaq imkanımız da oldu. Ümumiyyətlə, belə bir populyar komandada çıxış etmək çox xoş idi. Heyətimizdə Almaniya millisi ilə Avropa çempionu olmuş Marko Bode və Diter Aylts, həmçinin İsveçrə yığmasından Rafael Viki, Misir seçməsindən Hani Ramzi yer alırdı. Böyük uğurlar qazandıq. İki dəfə Almaniya Kubokunun finalında “Bayern” ilə oynadıq. 1999-cu ildə qol vurduğum həlledici matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdı, penaltilər seriyasında onları üstələdik. Növbəti mövsümdə isə “Ştutqart”la yarımfinalın əlavə vaxtında “Verder”i finala çıxaran qolun müəllifi oldum. Ancaq qırmızı vərəqə aldığıma görə “Bayern”lə finalı buraxdım, 0:3 hesabı ilə uduzduq. Ümumilikdə Almaniya Kubokunda sözügedən iki mövsümdə çıxışımı uğurlu dəyərləndirirəm. 10 oyunda 5 qol vurdum. Düşünürəm ki, ən uğurlu dönəmim idi. Hətta “Dinamo”dan ayrıldığım vaxt Lobanovski mənə söylədi ki, niyə gedirsən, axı burada işlərin çox yaxşı gedir. Cavab verdim ki, “Avropada oynamaq istəyirəm, 10 ildir Ukraynada çıxış edirəm, emosional planda davam etməyə artıq gücüm qalmayıb”. “Verder”ə keçdiyimə görə peşman deyiləm, ən yaxşı illərim idi.

– Tomas Şaafın başçılığı altında oynamısınız. O, futbol dünyasından bizim nəslin kumirlərindən biri sayılırdı. Şaaf necə məşqçi idi və niyə “Verder” ondan sonra əvvəlki kimi uğurlu olmadı?

– Bilirsiniz, o vaxt çox yaxşı komanda var idi. Həm də Şaaf uzun illər Otto Rehagel kimi baş məşqçinin rəhbərliyi altında çıxış edirdi. Futbolçuların Şaafa münasibəti yüksək səviyyədə idi. Mən “Verder”ə gələndə baş məşqçi postunu Volfqanq Zidka tuturdu. Sonra Feliks Maqat gəldi. Onun dönəmində nələr çəkdiyimizi təsəvvür etmirsiniz. Gündə 3 məşq keçirdi, bizi elə yükləyirdi ki, az qala ölürdük. Ardınca isə Şaaf təyin olundu. O, Rehagelin məşq sistemini qaytardı. Futbolçuların o qədər xoşuna gəlirdi ki, hər gün 30 dəqiqə tez gəlirdik.

– “Verder”dən ayrılandan sonra niyə 2-ci Bundesliqada mübarizə aparan “Valdhof”a keçdiniz?

– 2000/2001 mövsümündə az oynayırdım, idman direktoru Klaus Allofs ilə məşqdə münaqişəmiz yaşandı. Sonra ona dedim ki, belədirsə, gəlin komandadan gedim. Mənə dərhal “Hanza”dan təklif gəldi, onlar 1,5 milyon ödəməyə hazır idilər. Ora getdim, hətta tibbi müayinədən də keçdim. Amma yekunda karyeramı “Valdhof”da davam etdirdim. “Verder”də 3,5 il çıxış etdim, son mövsümdə matçların 50 faizində oynasaydım, müqaviləm daha 1 il müddətinə uzadılacaqdı. Lakin klub fərqli qərar verdi.

– İspaniya, İtaliya və ya İngiltərədən təklifləriniz oldu?

– Başqa ölkəyə köçmək istəmədim. Bremendə ev almışdım, ailəli idim, uşaqlarımdan biri artıq bağçaya gedirdi. Bernhard Trares də mənimlə birlikdə “Valdhof”a keçdi, məni onlara elə o məsləhət gördü. 1,5 ildən sonra klubun maliyyə problemləri yarandı. Ukraynaya məzuniyyətə gəldim. Leonid Buryak mənə “Rostov”dan yaxşı təklifin olduğunu söylədi. Həyat yoldaşımla məsləhətləşdim, dedi ki, gəl Ukraynaya qayıdaq. Həm də Rostov coğrafi baxımdan ölkəmizə yaxındır. O vaxt klubun prezidenti hazırda Yunanıstan PAOK-unun sahibi olan İvan Savvidi idi. Tütün fabriki var idi, “Rostov”un bütün xərclərini üzərinə götürmüşdü. Savvidi əvvəllər futbolu anlamırdı, klubu onun “boynuna qoymuşdular”. Sonra isə bu idman növü olmadan yaşaya bilmirdi. “Rostov”da bir il oynadım, Savvidi mənə dedi ki, getmə, müqavilə müddətini uzadarıq. Cavab verdim ki, Ukraynaya qayıtmaq istəyirəm, 7 ildir ölkədən kənardayam. Vətənə dönüb “Borisfen” və “Metallurq”da oynadım. Zaporojye klubu ilə sözləşməmin müddəti qalsa da, düşündüm ki, 36 yaşda karyeramı bitirməyin vaxtıdır.

– Ukrayna millisində çıxışınızı necə dəyərləndirirsiniz? 27 matçda meydana çıxmısınız və 5 qol vurmusunuz…

– Müstəqilliyimizin ilk illəri idi. O zaman hansısa futbolçuları yığmaya dəvət edirdilər, hansılarısa isə yox. Həm də oyun sayı indiki qədər deyildi. Məncə, normal göstəricilərdir. Yeganə məyusluğum AVRO-2000-in pley-offunda Sloveniya ilə matçlarda milliyə kömək edə bilməməyimlə bağlıdır. “Verder”in heyətində “Hamburq”la görüşdə əlim sınsa da, yığmaya çağırıldım. Sloveniya ilə səfər oyununda Şevçenkonun qolu ilə önə çıxdıq, yekunda 1:2 hesabı ilə məğlub olduq. Evdəki matçda isə heç-heçə qeydə alındı – 1:1. Özü də rikoşetdən sonra qol buraxdıq. O qədər məyus idim ki, dərhal Almaniyaya qayıtdım. Dünya və Avropa çempionatlarına yüksəlmək üçün şanslarımız çox olurdu, ancaq hər dəfə qrupda 2-ci yeri tuturduq.

– Ukrayna millisinin AVRO-2000 və DÇ-2002-yə vəsiqə qazanan bilməməsini nə ilə əlaqələndirirsiniz? Qapıçı Aleksandr Şovkovskinin Sloveniya ilə matçda səhvi nə dərəcədə rol oynadı? Digər pley-offda isə Almaniyaya uduzdunuz. Bu məğlubiyyəti Kiyev “Dinamo”sunun ÇL-də “Bayern”ə uduzması ilə müqayisə etmək olar?

– Şovkovskinin Sloveniya ilə oyundakı səhvinə gəlincə, rəqib futbolçunu da qeyd etmək lazımdır. Bəlkə bundan sonra 100 dəfə zərbə endirsəydi, belə qol vura bilməzdi. ÇL-də “Bayern” ilə matçlara nəzər salsaq, mən artıq “Dinamo”nu tərk edib “Verder”ə keçmişdim. Kiyevdəki görüş 3:3 hesabı ilə başa çatdı, baxmayaraq ki, sabiq komandam iki top fərqi ilə öndə idi. Bəli, paralellər aparmaq olar. Almaniya yığması o vaxt çox güclü idi. Möhtəşəm nəsil idi, təsadüfi deyil ki, DÇ-2002-də finala yüksəldilər. Düzdür, indiki heyət də pis deyil. Ümumiyyətlə, Bundesliqanı çox yaxşı çempionat sayıram. Orada futbolu azarkeşlər üçün oynayırlar, çoxlu qollar vurulur, hər iki komanda hücum edir.

– Alman dilini bilirsiniz?

– Bəli, axı bu ölkədə 6 il yaşamışam. Pizarro, Aylton, Tim Borovski, Torsten Frinqs, Kristof Dabrovski – hamısı mənim dostlarımdır, birgə kart oynamışıq. Uzun illər keçsə də, Dabrovski ilə hələ də telefonda danışırıq. O, əslən polşalı olsa da, Almaniyada doğulub. Məşqçilik edirdi, hazırda işsizdir.

– Sizcə, Kiyev “Dinamo”su 1998/99 mövsümündə ÇL-in yarımfinalında “Bayern” səddini keçsəydi, finalda “Mançester Yunayted”i məğlub edə bilərdi?

– Fikrimcə, qalib gələ bilərdi. Çünki komandada meydanda hər şey alınırdı.

– 2005-ci ildə məşqçilik karyeranıza başladınız. Seçiminiz niyə məzh Minsk “Dinamo”su üzərinə düşdü?

– Futbolçu karyeramı Aleksandr Ryabokonun çalışdırdığı “Borisfen”də bitirdim. Hətta son mövsümümdə Kiyev “Dinamo”suna qalib gəlmişdik, mən isə 35 yaşımda iki qol vurmuşdum. Yadımdadır, stadion ağzına qədər dolu idi. Sonra Ryabokona Minsk “Dinamo”sundan dəvət gəldi. Məndən futbolçu kimi orada davam etməyimi istədi. Dedim ki, yox, artıq yorulmuşam. Nəticədə yarım il köməkçisi işlədim. Lakin evə qayıtmağı çox istəyirdim. Yəqin ki, uzun illər başqa ölkələrdə yaşamağım sözünü deyirdi. Ukraynaya döndüm, Surkis mənə zəng etdi və Kiyev ÇSKA-nın baş məşçisi olmağı təklif etdi. O, 1-ci Liqada mübarizə aparan bu kluba maliyyə cəhətdən kömək göstərirdi. Növbəti il paytaxtın digər təmsilçisi “Obolon”u çalışdırmağa başladım. Komandanı birinci mövsümdəcə elitaya daşıdım. Həmin “futbol ili”nin ortasında “Obolon”u 8-ci pillədə qoyub sonuncu yerdə qərarlaşan “Krivbass”a getdim. Hamı deyirdi ki, komanda Premyer Liqada qala bilməyəcək, möcüzə sayəsində bunu bacardıq. Növbəti mövsümdə də çətinliklə elitada qaldıq. Artıq 2011/12 mövsümündə isə 10-cu olduq. Klubun vəziyyətinə görə normal nəticə sayılırdı. Sonra Donetsk “Metallurq”una yollandım. Komanda aşağı pillələrdə idi, avrokuboklara vəsiqə qazandıq. Ardınca “Vorskla”da da eyni ssenari təkrarlandı. Bundan sonra “Polessye”də idman direktoru postunu tutdum. Ancaq “Dnepr”dən təklif gələndə “yox” deyə bilmədim. Rəhbərlik məni başa düşdü, məşqçi kimi işləməli olduğumu bildirdi. “Dnepr”də alınmadı, çünki sahibi İqor Kolomoyski məlum problemlərlə üzləşdi, komanda da batdı. Ardınca “Vorskla”da çalışdım, orada da klub prezidentinin problemləri mane oldu. Həm də müharibə bir tərəfdən… Heç başqa klublarımızı nələrin gözləyəcəyini bilmirik.

– Məşqçilik karyeranızda bir sıra komandalarda işləmisiniz. Ən uzun müddət “Krivbass” və “Vorskla”da çalışmısınız. Ümumilikdə 12 komandaya başçılıq etmisiniz. İş yerinizi bu qədər tez-tez dəyişməyiniz nə ilə bağlı olub?

– Müəyyən müddətdən sonra perspektiv görmürdümsə, özüm ayrılırdım. Klub prezidentləri ilə tez-tez danışıram və hansı işlərin görülməli olduğumu açıq deyirəm, heç nədən çəkinmirəm. İşləmək xətrinə işləmək istəmirəm. Komandalarımın avrokuboklara yüksəlməsini və ya başqa hədəflərə çatmasını istəyirəm. Rəhbər şəxslər lazımi maliyyəni ayırmağa və ya başqa məsələlərə maraq göstərməyəndə sadəcə əşyalarımı toplayıb gedirdim.

– İstefa futbolun ayrılmaz bir hissəsidir. Demək olar, hər bir məşqçi bunu yaşayıb. Siz nə vaxtsa istefaya göndərilmisiniz?

– Donetsk “Metallurq”unda başıma gəlib. Amma ən böyük məyusluğu “Mordoviya”da yaşadım. 2014-cü ildə komandanı Rusiyanın yüksək liqasına çıxardım, sonra isə Krımda müharibə başladı. Kubokda 1/8 finala qədər irəlilədik, səfərdə “Terek”ə 2:3 hesabı ilə uduzduq. Təyyarəyə minəndə isə müharibənin başlaması barədə xəbər aldıq. Artıq o an postumda qalmayacağımı anladım. Sonra rəhbərlikdən mənə zəng edib yerimə Yuri Syomini təyin edəcəklərini bildirdilər. Lakin xoşluqla ayrıldıq, çünki orada mənə yaxşı şərait yaradılmışdı.

– “Mordoviya” ilə Rusiya Premyer Liqasına yüksəlişi saymasaq, “Keşlə” (indiki Şamaxı) ilə Azərbaycan Kubokunu qazanmağınız məşqçilik karyeranızın ən böyük uğurudur. Bu, nəyin sayəsində mümkün oldu?

– Komanda yaxşı idi. Futbolçulara ilk növbədə şəraitin yüksək səviyyədə olması lazımdır: stadion, baza, qidalanma, bərpa prosesi, trenajor zalı.

– “Keşlə”yə Azərbaycan Kubokunu qazandırdıqdan dərhal sonra getdiniz.

– Gəlin, bu haqda danışmayaq…

– Sizi “Araz-Naxçıvan”a kim dəvət etdi?

– Zaur Axundov. Mənə zəng edib Azərbaycana gəlməyimi istədi. Sadəcə, problem Ukraynadan kənara çıxmaqda idi. Sonradan Yuri Vernidubun ölkəni necə tərk etdiyini öyrəndim, bunu onunla müzakirə etdik. Federasiyadan bəzi insanlar mənə bu məsələdə köməklik göstərdilər. Nəticədə rəsmi qaydada Ukraynanı tərk etdim.

– “Keşlə”də də Zaur Axundovla birgə işləmisiniz. Aranızda hansısa anlaşılmazlıqlar yaşanmışdı?

– Xeyr, hər şey qaydasında idi. Bəzən futbol planında fikirlərimiz üst-üstə düşməyə bilərdi, bu da normal haldır.

– Zaur Axundovun cari ilin əvvəlindən başlayaraq problemləri var. Bu, onun “Araz-Naxçıvan”a köməyinə təsir edib?

– Açığı, bu haqda məlumatım yoxdur. Kluba sadəcə mənəvi dəstək verir.

– Məşqçilik karyeranızı “Sumqayıt”da davam etdirmək variantınız olub?

– Bu klubdan konkret təklif almamışam, heç kim mənimlə əlaqə saxlamayıb.

– “Araz-Naxçıvan”ın hazırkı heyətindən razısınız?

– Bilirsiniz necədir… Həmişə daha yaxşısını istəyirsən. Ötən mövsümlə müqayisədə, demək olar, bütün komanda yenilənib. O heyətdən cəmi 2-3 futbolçu qalıb. Yeni oyunçular gəldi, bəziləri cəmi 1-2 həftə təlim-məşq toplanışı keçdi. Onlardan yaxşı komanda yaratmaq üçün vaxt lazımdır. Bir-birinə öyrəşməli, bir-birini bircə baxışdan anlamalıdırlar.

– Əvvəlki baş məşqçi Cavid Hüseynov rəqabətədavamlı heyət qura bildi?

– Həmkarlarım işinə qiymət verməyi xoşlamıram. Məncə, o, bacardığını etdi.

– Təyinatınızdan öncə “Araz-Naxçıvan”ın oyununu izləyirdiniz?

– Bəli. Hətta Andrey Demçenkonun vaxtında da izləyirdim. Sonra may-iyun aylarında Zaur Axundov mənə təklif göndərdi, amma dediyim kimi, Ukraynadan qırağa çıxa bilmirdim. İkinci dəfə mənə zəng edəndə artıq ölkəni tərk etməyin qanuni yolunu öyrəndim. “Araz-Naxçıvan”ın təkcə “İmişli” ilə matçına baxmamışdım, digər oyunlarını izləmişdim.

– Bəs Demçenko ilə müzakirə etdiniz?

– Bəli, telefonda danışdıq. Vaxtilə onunla birgə Zaporojye “Metallurq”unda oynamışıq.

– Azərbaycanda işlədiyiniz ilk dönəmlə müqayisədə hazırda çempionatımız nə dərəcədə dəyişib?

– Deyərdim ki, liqanın səviyyəsi xeyli qalxıb. “Qarabağ” ÇL-də pley-offa yüksəldi, indi “Sabah” bu turnirdə təəccübləndirir, “Neftçi” yaxşı formadadır. Klubların yaxşı maliyyə dayaqları var, səviyyəli legionerlər gətiriblər. Hətta Avropa komandaları ilə müqayisə oluna bilərlər.

– Vernidub ilə Ukraynada yolunuz kəsişib?

– Bəli, xüsusən də onun “Zarya”nı çalışdırdığı illərdə. Həmçinin komandalarımız yoxlama oyunlarında qarşılaşıb, onunla ünsiyyətimiz olurdu.

– Hansınız bir-birinizə daha çox qalib gəlmisiniz?

– Hər ikimiz bir-birimizi məğlub etmişik.

– “Sabah”ın ÇL-də “Slaviya”ya 2:0 hesabı ilə qalib gəldiyi oyunu izləmisiniz? Fikirləriniz necədir?

– Bəli, matça baxmışam. Hər iki komanda yaxşı oyun sərgilədi. Deyərdim ki, bəxt güclünün tərəfində oldu.

– Bəs “Qarabağ” Konfrans Liqasında Kiyev “Dinamo”sunu mübarizədən kənarlaşdıranda hansı hisslər keçirdiniz?

– Hazırda Ukrayna çempionatının səviyyəsinin müharibədən əvvəlki illərdəki kimi olmadığını anlayıram. O vaxt klubların arxasında milyarderlər dayanırdı. Milyonçular yox, məhz milyarderlər. Adlarını da çəkə bilərəm: “Dinamo”da Surkis qardaşları, “Şaxtyor”da Renat Axmetov, “Dnepr”də İqor Kolomoyski, “Sevastopol”da Vadim Novinski, “Tavriya”da Dmitri Firtaş, “Karpatı”da Pyotr Dıminski, “Zarya”da Yevgeni Geller. 2014-cü ildə müharibə başladı və hər şey dəyişdi. Artıq səviyyəli legionerlər Ukraynaya gəlmək istəmirlər.

– Müharibənin yaxın zamanda bitəcəyinə ümid edirsiniz?

– Ukraynada nələrin baş verdiyini təsəvvür etmirsiniz. İnsanlar bu günlə yaşayır, sabahı düşünmürlər. Hər gün başının üstündən raketlər uçanda… Elə mənim bağ evimin heyətinə də “Şahed” dronu düşmüşdü. Öz gözlərinlə bunları görəndə… Bu, qorxuludur. Ukraynada hamı yalnız onu gözləyir ki, bir nəfər tezliklə… O sözü deməyəcəyəm, məncə, hər şeyi özünüz başa düşdünüz.

– Futboldan başqa hansı hobbiləriniz var?

– Balıq ovuna böyük marağım var. Dnepr çayının sahilində yerləşən Xersonda böyümüşəm. İndi bu şəhərin digər tərəfində işğalçılardır. Ukraynada onları “orklar” adlandırırıq. Siyasətdən çox danışmaq istəmirəm, ancaq… Bunu heç kimə arzulamazdım. 4-5 ay əvvəl Xersona gələndə… Dəhşətli idi, təhlükəsizlik səbəbindən maşında yatmalı olurdum.

– Bakı xoşunuza gəlir?

– Şəhərinizi çox bəyənirəm. Futbol planında götürsək, səviyyəli xarici mütəxəssislər və oyunçular, Çempionlar Liqasının matçları, azarkeşlər üçün ajiotaj – hər şey əladır. Bu idman növünə böyük yatırımlar edilir. Bu yanaşmanı dəstəkləyirəm, afərin.

– Bakıda Vernidubla görüşmüsünüz?

– Bəli, komandalarımız iki həftə əvvəl “Neftçi”nin bazasında yoxlama oyununda üz-üzə gəldi. Mənə dedi ki, klubda ona münasibət çox yaxşıdır, rəhbərlik çox güvənir.

– Vernidub “Neftçi”ni nəyin hesabına dəyişdi?

– Ukraynalı məşqçilər həmişə daha intensiv məşqlərə, fiziki gücə, mübariz oyuna üstünlük verirlər.

– Bəs özünüzün “Araz-Naxçıvan” dəyişə biləcəyinizə inanırsınız?

– Hədəfim budur, necə olacağını isə zaman göstərəcək. İki problemimiz var: daha çox qol vurmaq və daha az top buraxmaq lazımdır. İlk 7 turda qapımızda 15 top görmüşük, bu, həddindən artıq çoxdur.

İdman.Biz