“Neftçi” braziliyalı forvardı qışda heyətinə qata bilər

8 Oktyabr 2026 11:26
95
“Neftçi” braziliyalı forvardı qışda heyətinə qata bilər

Azərbaycanın “Neftçi” futbol klubunun maraqlandığı daha bir futbolçunun adına aydınlıq gəlib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, İsrailin “Makkabi Netanya” klubunda çıxış edən hücumçu Matheus Davo “ağ-qaralar”ın gündəmindədir.

Paytaxt təmsilçisi 27 yaşlı forvardı yay transfer dönəmində də heyətinə qatmaq istəyib. Lakin Netanya klubunun braziliyalı futbolçu üçün daha yüksək təzminat tələb etməsi keçidin baş tutmasına mane olub.

Buna baxmayaraq, “Neftçi” Davodan əl çəkməyib. Klubun qış transfer dönəmində də futbolçunun keçidi ilə bağlı İsrail təmsilçisinə müraciət edəcəyi gözlənilir.

Davo ilə “Makkabi Netanya” arasındakı müqavilənin müddəti 2027-ci ilin yayında başa çatır. Tərəflər yeni sözləşmə ilə bağlı razılığa gələ bilməsələr, braziliyalı hücumçu daha aşağı məbləğə “Neftçi”yə satıla bilər.

Qeyd edək ki, Matheus Davo cari mövsümdə İsrail çempionatında meydana çıxdığı beş oyunda dörd qola imza atıb. Cinah vingeri kimi də çıxış edə bilən futbolçu ötən mövsüm 29 qarşılaşmada 11 qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz