“Neftçi” futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 23 yaşlı yarımmüdafiəçi ilə yeni “2+1” illik müqavilə imzalanıb.
2024-cü ildən Bakı klubunda çıxış edən futbolçu bu müddətdə bütün turnirlərdə meydana çıxdığı 50 oyunda 3 qola, 5 məhsuldar ötürməyə imza atıb.
“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer Azərbaycan millisinin üzvü ilə yeni müqavilə haqqında fikirlərini bölüşüb:
“23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də Azərbaycan millisinə mühüm töhfələr verə biləcək oyunçudur. O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək futbolçulardandır.
Birlikdə olduğumuz bu 2 il ərzində Emilin daim inkişaf etmək istəyinin, əzmkarlığının, formasına sədaqətinin, klubuna və vəfalı azarkeşlərimizə olan sevgisinin yaxından şahidi olduq. Gələcəkdə həm “Neftçi”yə, həm də Azərbaycan futboluna verəcəyi töhfələri nəzərə alaraq, onunla müqavilənin müddətini uzatmaq qərarına gəldik. Emil isə bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı! Ona “Neftçi”də və Azərbaycan millisindəki karyerasında uğurlu, parlaq günlər arzulayırıq”.
