AFFA xaricdə çıxış edən azərbaycanlı futbolçuların məlumat bazasını yaradacaq

9 Sentyabr 2026 21:03
120
AFFA xaricdə çıxış edən azərbaycanlı futbolçuların məlumat bazasını yaradacaq

AFFA xaricdə yaşayan və futbol oynayan istedadlı azərbaycanlı futbolçuların vahid məlumat bazasını yaratmaq üçün məlumat toplamağa başlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Layihə çərçivəsində əsasən Avropada yaşayan 2006–2015-ci il təvəllüdlü futbolçular barədə məlumatlar toplanacaq. Məqsəd həmin oyunçuların futbol karyerasını izləmək və perspektivli futbolçularla əlaqə yaratmaqdır.

Məlumatlar AFFA-nın Futbolun İnkişafı Departamenti vasitəsilə toplanacaq. Bazaya futbolçuların yaşadığı ölkə, çıxış etdiyi klub və liqa, həmçinin regional, vilayət, milli və digər seçmə komandalara mümkün dəvətləri barədə məlumatlar daxil ediləcək.

Təşəbbüs xaricdə yaşayan azərbaycanlı futbolçuların aşkar olunması, onların inkişafının izlənilməsi və gələcəkdə AFFA-nın layihələrinə cəlb edilməsinə yönəlib.

İdman.Biz