“Qarabağ”ın qapıçısı Polşa klubunun oyununda görüntüləndi - FOTO

8 Sentyabr 2026 10:13
84
“Qarabağ”ın qapıçısı Polşa klubunun oyununda görüntüləndi - FOTO

“Qarabağ” futbol klubunun qapıçısı Mateuş Koxalski karyerasını Polşada davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, 26 yaşlı qolkiper potensial yeni klubu Krakov “Vyeçista”sının oyununda görüntülənib. Koxalski komandanın “Zaqlembe” ilə 1:1 hesabı ilə başa çatan görüşünü stadiondan izləyib.

Kameralar polşalı qapıçını qarşılaşmanı izləyərkən qeydə alıb.

Daha əvvəl “Weszło” nəşri tərəflərin transferlə bağlı razılığa gəldiyini yazıb. Məlumata görə, “Vyeçista” Koxalski üçün “Qarabağ”a təxminən 500 min avro (988 min 250 manat) ödəyəcək.

Qolkiperin Avropanın güclü çempionatlarından birindən təklif gözlədiyi, lakin sonda Polşaya qayıtmaq variantını qəbul etdiyi bildirilir.

“Vyeçista”nın vitse-prezidenti Slavomir Peşko da transferin yaxın zamanda başa çatacağına işarə edib. O, Koxalskinin “TransferRoom” platformasındakı profilini paylaşıb.

Krakov klubu qapıçı mövqeyini gücləndirmək istəyir. Ekstraklasada debüt edən “Vyeçista” altı turdan sonra dörd xal toplayaraq turnir cədvəlində sonuncudan əvvəlki pillədə qərarlaşıb. Komanda 13 qol buraxıb. Bu göstəricidə yalnız “Rakov” daha zəif nəticəyə malikdir.

Koxalski 2024-cü ilin yayından “Qarabağ”ın formasını geyinir. O, Azərbaycana gəlməzdən əvvəl “Stal”da çıxış edib və Polşa Ekstraklasasının ən yaxşı qapıçısı seçilib.

“Qarabağ” hələlik futbolçunun ayrılığı ilə bağlı rəsmi açıqlama verməyib.

İdman.Biz