“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının dördüncü turunda “Şamaxı”ya 1:4 hesabı ilə məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis azarkeşlərə dəstəklərinə görə təşəkkür edib və nəticəyə görə üzr istəyib:
“Möhtəşəm azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məğlubiyyətə baxmayaraq, onlar axıra qədər bizi dəstəklədilər. Komanda adından nəticəyə görə üzr istəyirəm, amma bu, futboldur. Qələbələr də olur, məğlubiyyətlər də. Çempionat yeni başlayıb. Səhvlərimiz üzərində çalışmalı və daha güclü olmalıyıq. Etiraf edirəm ki, komanda yenidir və hələlik sabitlik çatışmır”.
Baş məşqçinin sözlərinə görə, birinci yarıda buraxılan iki qol komandanın oyununa ciddi təsir edib:
“Pis başlamadıq, lakin öz səhvlərimizdən buraxılan iki qoldan sonra komandanı toplamaq çətin idi. İkinci yarıda müəyyən dərəcədə istədiyimiz oyunu göstərə bildik, qol vurduq. Hesabdakı fərqi azalda bilərdik, lakin bundan sonra üçüncü qolu buraxdıq. Bu, matçın dönüş nöqtəsi oldu”.
Məmmədov həmçinin komandanın əvvəlki uğurdan sonra eyforiyada olması ehtimalını da rədd edib:
“Düşünmürəm ki, eyforiyada idik. Mən hər gün futbolçularla bu barədə danışırdım. Sadəcə, birinci yarıda oyunumuz alınmadı. Ağır məğlubiyyətdir, lakin futbolçular da uduzmaq istəmirdilər”.
