“İmişli”nin baş məşqçisi Fərid Namazov Misli Premyer Liqasının dördüncü turunda “Qəbələ”yə 1:2 hesabı ilə məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandası üçün çətin oyun gözlədiklərini bildirib.
“Rəqibi təbrik edirəm. Oyunun çətin olacağını bilirdik. “Qəbələ”də baş məşqçi dəyişikliyi baş vermişdi və adətən yeni mütəxəssis gəldikdən sonra komanda daha böyük istəklə oynayır. Gözlədiyimiz kimi, ilk 15 dəqiqə “Qəbələ”nin təzyiqi altında keçdi. Qapımız qarşısında çoxlu boş zonalar saxlayırdıq. Rəqibin hansı sistemlə oynayacağını bilmirdik. Penaltini reallaşdıra bilmədik. İkinci hissədə oyun maraqlı və sürətli alındı. Təəssüf ki, yaxşı oynadığımız vaxtda qol buraxdıq”, - deyə Namazov bildirib.
Onun sözlərinə görə, nəticəyə həm rəqibin taktiki dəyişiklikləri, həm də “Qəbələ” futbolçularının istəyi təsir edib.
“Rəhib daha istəkli idi. Futbolçulardan planımızdan kənara çıxmamalarını xahiş edirdik, amma güclü təzyiq səbəbindən topa nəzarət edə bilmədik. Ön plana həm taktika, həm də istək çıxdı”, - deyə məşqçi əlavə edib.
Namazov qarşıdakı “Neftçi”, “Sabah” və “Qarabağ”la oyunlar seriyasından da danışıb.
“Hamı belə qrafiklə oynayacaq. İlk turlarda bizə uyğun komandalarla qarşılaşmağımız yaxşı oldu. Güclü rəqiblərə qarşı başqa planlarımız olacaq. Məğlub olmaq üçün meydana çıxmaq fikrində deyilik”, - deyə mütəxəssis vurğulayıb.
