“Meydanda böyük əzmkarlıq göstərərək vacib qələbə qazandıq. Çox sayda qol epizodu yaratdıq və hesab daha böyük ola bilərdi”.
Bu sözləri “Şahdağ Qusar”ın baş məşqçisi Füzuli Məmmədov deyib.
Təcrübəli mütəxəssis çətin səfər qarşılaşması və komandasının oyunu barədə fikirlərini bölüşüb.
“İlk oyunlar həmişə ağır keçir. Güclü rəqiblə mübarizə apardıq. MOİK həm heyətindəki futbolçuların keyfiyyətinə, həm də ümumi səviyyəsinə görə çox yaxşı kollektivdir. Rəqib barədə dərin məlumatımız olmadığı üçün matçın çətin alınacağını öncədən bilirdik. Buna baxmayaraq, görüşə maksimal dərəcədə səylə hazırlaşmışdıq. Futbolçularım yüksək konsentrasiya ilə mübarizə apardılar və rəqibə demək olar ki, heç bir qol imkanı vermədilər. Meydanda yalnız müdafiədə deyil, bütün mövqelərdə səhvsiz oynamağa çalışdıq”, - deyə o fanat.az-a açıqlamasında bildirib.
F.Məmmədov komandasının hücum xəttindəki çıxışına da toxunaraq futbolçularına təşəkkür edib:
“Hesab 2:0, hətta 3:0 da ola bilərdi. Əlbəttə, ön xətdə daha məhsuldar oynamalıyıq və gələcək məşqlərdə bunun üzərində işləyəcəyik. Bütün komandanı və klubu təbrik edirəm. Oyunçularım çox istəkli idilər, böyük əziyyət çəkdilər. Göstərdikləri böyük əzmkarlığa və mübarizəyə görə onların hamısına təşəkkür edirəm”.
Qeyd edək ki, Birinci Liqada yeni mövsümün ilk oyun günündə “Şahdağ Qusar” səfərdə MOİK-i 1:0 hesabı ilə məğlub edərək çempionluq mübarizəsinə 3 xalla başlayıb.
