“Milli komandaya namizəd futbolçuları canlı izləməyə davam edirik. İstəyirik ki, həm ölkə çempionatında, həm də xaricdə çıxış edən oyunçularımızın durumunu yerindəcə görək. Həmçinin legioner həyatı yaşayan futbolçularımıza milli komanda üçün nə qədər önəmli olduqlarını hiss etdirmək vacibdir”.
Bu sözləri futbol üzrə Azərbaycan futbol millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
Baş məşqçi ölkə xaricində oynayan futbolçularla görüşlərindən və onların klublarındakı perspektivlərindən söz açıb.
“Türkiyədə Toral Bayramovla görüşdük, idman direktoru və köməkçi məşqçisi ilə söhbətimiz oldu. Klubunda Toraldan gözləntilər çox böyükdür. İnanıram ki, o, tezliklə komandasının əsas heyət oyunçusuna çevriləcək. Eyni zamanda “Qarabağ” və “Sabah”ın avrokubok matçlarını canlı izlədik. Yerli futbolçularımızın həmin atmosferdəki çıxışını görmək bizim üçün çox faydalı oldu. Bu cür izləmələr davam edəcək”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
A.Abbasov daxili çempionatda gənclərin şans qazanmasının milli üçün əhəmiyyətini də vurğulayıb:
“Milli çempionatımızdan komandaya yeni gənclər qazandırmağa çalışırıq. Məsələn, Rüfət Abbasovun “Neftçi”də əsas heyət üzvünə çevrilməsi bizi çox sevindirir, çünki belə oyunçulara ehtiyacımız var. Klublar gənclərə inanmalıdır ki, millidə də yeni futbolçular görə bilək”.
Millinin çalışdırıcısı hücum xəttindəki futbolçular - Renat Dadaşov, Mahir Emreli və Musa Qurbanlının son vəziyyətinə də toxunub:
“Renat Dadaşovla davamlı əlaqədəyik. İnanıram ki, millinin toplanışınadək ən azı 1-2 matçda meydanda olacaq. Fransa ilə oyunda və yoldaşlıq görüşlərində yaxşı performans göstərmişdi. Bizim üçün dəyərli oyunçudur. Bundan başqa, Mahir Emrelinin uğurlu çıxışı, Musa Qurbanlının “Qarabağ”ın əsas heyətində oynaması da bizi sevindirir. Əvvəllər hücum xəttində müəyyən çətinliklərimiz var idi, amma indi vəziyyət yaxşılığa doğru dəyişir. Ümid edirəm ki, Renat da yeni klubunda formalaşaraq Millətlər Liqası matçlarınadək komandaya tam adaptasiya olunacaq”.
Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.
