Azərbaycan Futzal Federasiyasının fəaliyyəti faktiki olaraq dayandırılıb.
İdman.Biz-in əldə etdiyi məlumata görə, buna AFFA-nın strukturunda futzal və çimərlik futbolu üzrə yeni departamentin yaradılması səbəb olub. Sözügedən departament bu idman növləri ilə bağlı federasiyanın əvvəl həyata keçirdiyi funksiyaları öz üzərinə götürüb.
AFFA-nın yeni departamentində komandanın formalaşdırılması prosesi gedir.
İddialara görə, yeni strukturun rəhbəri Fərid Babayev olacaq.
Qeyd edək ki, Azərbaycan Futzal Federasiyası 1998-ci ildə yaradılıb. Federasiyanın ilk prezidenti Ağarza Rzayev olub. 2008-ci ildən isə quruma Zaur Axundov rəhbərlik edib.
