“Meydança klubun aktividir və ondan ağılla istifadə edilməlidir”.
Bunu Azərbaycanda fəaliyyət göstərən, stadionların ot örtüyünə qulluq edən ingiltərəli mütəxəssis Filip Şarpls AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Futbol meydançasının keyfiyyəti oyunun gedişinə və futbolçuların çıxışına necə təsir göstərir?
– Futbolda meydança ən vacib elementlərdən biridir. Keyfiyyətsiz qurulmuş və ya düzgün idarə olunmayan meydança oyunçulara və bəzən matçın nəticəsinə təsir göstərə bilər. Ot örtüyü futbolçunun yorğunluğuna, motivasiyasına, sağlamlığına, zədələnmə riskinə, topa nəzarətinə, ötürmələrin dəqiqliyinə və ümumi performansına təsir edir. Peşəkar futbolçular məşqlərdə müəyyən oyun səthinə uyğunlaşırlar. Onlar ötürmənin gücünü, istiqamətini və topun səthlə qarşılıqlı təsirini dəfələrlə təkrarlayırlar. Buna görə meydançanın xüsusiyyətləri dəyişdikdə oyunçunun öyrəşdiyi nəticəni əldə etməsi çətinləşə bilər.
– Bu halda meydançanın vəziyyəti futbolçuların kobud səhvlərə yol verməsinə səbəb ola bilərmi?
– Əlbəttə. Meydança su ilə həddindən artıq yüklənmiş, ot örtüyü seyrək, xəstəlikdən zədələnmiş, həddindən artıq sərt, yumşaq və ya kələ-kötür olduqda top gözlənilməz istiqamətə gedə bilər. Məsələn, ötürmə nəzərdə tutulan yerə çatmaya və rəqib tərəfindən ələ keçirilə bilər. Bu, hər zaman futbolçunun səhvi olmaya bilər.
Məsələn, 2013/2014-cü illər mövsümünün “Liverpul” – “Çelsi” oyununda meydan sahibi komandanın kapitanı Stiven Cerrardın sürüşdüyü epizod düşündürücü nümunədir. Bunun meydançanın vəziyyəti ilə bağlı olub-olmadığını heç vaxt bilməyəcəyik. Lakin bu hadisə oyun səthinin futbola təsiri barədə düşünməyə əsas verir.
Peşəkar futbolda isə bu məsələ daha böyük əhəmiyyət daşıyır. Söhbət milyonlarla dollar dəyərində oyunçulardan və yarışlardan gedir. Klub istəyir ki, futbolçuların qarşısında onların performansına mane ola biləcək mümkün qədər az xarici amil olsun.
– Keyfiyyətli meydançanın təmin edilməsində əsas amil nədir?
– Fikrimcə, burada iki əsas tələb var. Birincisi, meydançaya cavabdeh heyətin bacarığı, təcrübəsi və biliyidir. Gündəlik texniki xidmət və idarəetmə qərarları meydançanın vəziyyətinə birbaşa təsir göstərir.
İkincisi isə klub ilə meydançaya cavabdeh heyət arasındakı əlaqədir. Klub mütəxəssislərin səthin nə zaman və necə istifadə olunması barədə verdiyi məsləhətlərə etibar etməlidir. Meydança yaxşı göründüyü üçün ondan həddindən artıq istifadə etmək düzgün deyil. Bitkinin inkişafı və bərpası üçün vaxt lazımdır.
Meydança klubun aktividir və ondan ağılla istifadə edilməlidir. Əgər şərait uyğun deyilsə, bundan istifadə edib-etməmək barədə qərarı meydançaya qulluq edən mütəxəssislər verməlidir. Bu, komanda seçiminin baş məşqçinin məsuliyyəti olması kimi bir şeydir.
– Peşəkar səviyyədə keyfiyyətli futbol meydançası yaratmaq nə üçün çətindir?
– Çünki söhbət biologiyadan gedir. Ot bitkidir və təbii şəraitdə onun məqsədi böyümək, günəş işığından istifadə edərək qida yaratmaq, kök sistemini inkişaf etdirmək və çoxalmaqdır. Biz isə onun təbii inkişafına müdaxilə edirik. Onu tez-tez biçirik, üzərində futbol oynayırıq, texnika və avadanlıqlardan istifadə edirik və eyni zamanda ondan müəyyən idman xüsusiyyətləri tələb edirik.
Biz istəyirik ki, ot örtüyü möhkəm, hamar və vahid olsun, aşınmaya, xəstəliklərə və quraqlığa davam gətirsin, müxtəlif hava şəraitlərində dözümlü qalsın və televiziyada gözəl görünsün. Buna görə keyfiyyətli meydança salmaq sadəcə ot becərmək deyil.
Stadion şəraitində isə günəş işığının azlığı, hava dövranı, kölgə və temperatur fərqləri kimi əlavə problemlər yaranır. Müasir işıqlandırma sistemləri və torpaqaltı isitmə kimi texnologiyalar bitkinin inkişafına kömək edir. Lakin biologiyada heç nə ani baş vermir – bitkinin böyüməsi və bərpası üçün vaxt lazımdır.
– Sizcə, Azərbaycanda mükəmməl futbol meydançası yaratmaq mümkündürmü?
– Bəli, əlbəttə mümkündür və biz bunu edirik. Lakin milyonlarla ayrı-ayrı ot bitkisindən söhbət getdiyi üçün bioloji baxımdan “mükəmməlliyin” həqiqətən mümkün olub-olmadığını da düşünmək lazımdır.
Hər meydançanın öz mühiti var. Buna görə bütün meydançaları eyni şəkildə idarə etmək düzgün deyil. Bitki eyni ola bilər, amma mühit fərqlidir və bitki də buna uyğun fərqli inkişaf edir. Əsas məsələ yaranan problemləri düzgün müəyyənləşdirmək və onları düşünülmüş şəkildə həll etməkdir.
