Kaliniçenko: “Qarabağ”la ilk oyundan sonra ümid var idi, cavab matçı isə dəhşət oldu”

20 Avqust 2026 04:37
94
Kaliniçenko: “Qarabağ”la ilk oyundan sonra ümid var idi, cavab matçı isə dəhşət oldu”

Ukrayna millisinin sabiq futbolçusu Maksim Kaliniçenko Kiyev “Dinamo”sunun “Qarabağ”a qarşı keçirdiyi avrokubok oyunlarını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, keçmiş yarımmüdafiəçi Ukrayna təmsilçisinin “Qarabağ”la ilk görüşündən sonra mərhələni keçəcəyinə ümid etdiyini, lakin cavab qarşılaşmasında komandanın çox zəif təsir bağışladığını bildirib.

“UkrFootball”a müsahibəsində Kaliniçenko “Dinamo”nun problemlərinin təkcə baş məşqçi ilə bağlı olmadığını söyləyib:

“Problem hər şeydədir. Məncə, “Dinamo” çoxdan bu nöqtəyə doğru gedirdi. Aydın menecment, seleksiya siyasəti yoxdur. Ümumilikdə heç nə başadüşülən deyil. “Qarabağ”la ilk oyundan sonra ümid var idi. İkinci hissəni yaxşı keçirmişdilər, əks-hücumlarda rəqibi yaxalayıb qol vura bilərdilər. Amma cavab matçı sadəcə dəhşət idi. Kiyevlilər oyunu rəqibə verdilər”.

Kaliniçenko “Dinamo”nun hazırkı vəziyyətində yalnız baş məşqçi Aleksandr Kostyukun günahlandırılmasını da düzgün saymayıb. Onun sözlərinə görə, “Qarabağ”la ilk görüşdən sonra məşqçi təriflənirdisə, cavab qarşılaşmasından dərhal sonra istefasının tələb olunması doğru yanaşma deyil. Sabiq futbolçu əsas problemin klubun uzunmüddətli inkişaf strategiyasının və düzgün idarəetmə sisteminin olmamasında olduğunu vurğulayıb.

“Dinamo” “Qarabağ”la ilk görüşdə 1:0 hesablı nəticə əldə etsə də, cavab matçında 0:2 hesabı ilə məğlub olaraq avrokuboklarla vidalaşıb.

İdman.Biz