Premyer Liqanın “Əjdahası” öz ilindən istəyini açıqlayıb

Müsahibə
4 Yanvar 2024 10:20
512
Premyer Liqanın “Əjdahası” öz ilindən istəyini açıqlayıb

"Əjdaha ilindən gözləntim və istəyim komandamızın Azərbaycan Premyer Liqasında qalmağıdır".

Bunu İdman.bizə "Kəpəz"in futbolçusu Vurğun Hüseynov deyib.

Komandasının kapitanı Şərq təqvimində Əjdaha ili kimi qəbul edilən 2024-cü ildən gözləntilərini açıqlayıb. Bu ildə doğulan və Premyer Liqada oynayan futbolçular arasında ən təcrübəli olan 36 yaşlı Hüseynov bildirib ki, hədəfi ilə möhrünü vurmaqdır: "2012-ci il də əjdaha ili üstündə idi. Amma mənim üçün düşərli olmamışdı. "Qəbələ"də oynayırdım və bir çox zədələrdən əziyyət çəkdim. Bu dəfə isə ilə möhrümü vurmaq barəsində fikirləşmirəm. Yeganə arzum komandamla bağlıdır. Premyer Liqada yaxşı nəticə qazansaq, mənim üçün ən uğurlu il olar".

Onun sözlərinə görə, hələlik komandası istirahətdədir və Premyer Liqada fasilə bitdikdən sonra hər şey yaxşı olacaq: "Yaxşı kollektivimiz var, əl-ələ verib ən yaxşısını etməyə çalışacayıq. Oyun baxımından ilk 3 komandadan biri bizik. Çox xalımız ola bilərdi, amma qarşıdakı matçlarda bunu bacaracayıq".

Qeyd edək ki, "Kəpəz" 18 turdan sonra Premyer Liqada 9-cu pillədə qərarlaşıb.

Banuçiçək Hüseynli
İdman.biz