Millimizin futbolçusu: “Bu yarışda çıxış etmək, qol vurmaq “CV” üçün çox önəmlidir” – MÜSAHİBƏ

Müsahibə
28 Dekabr 2023 10:26
558
Millimizin futbolçusu: “Bu yarışda çıxış etmək, qol vurmaq “CV” üçün çox önəmlidir” – MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu Vüsalə Seyfəddinovanın İdman.biz saytına müsahibəsi

- Baş məşqçi Siyasət Əsgərovun ardınca siz də Türkiyənin “Fomget” klubundan ayrıldız. Bunun səbəbi nədir?

- Siyasət Əsgərovun komandadan ayrılacağını bilmirdim. Azərbaycana qayıdarkən onun da klubdan ayrıldığından xəbər tutdum. Bunu gözləmirdim. Çünki işlər yaxşı gedirdi. Klubu çox yaxşı səviyyəyə gətirmişdi. Siyasət müəllim çox çalışqan məşqçisir. O, daha da yaxşı yerlərdə işləməyə layiqdir. Mən də “Fomget”dən ayrıldım. 4 klubdan təkliflər gəlib. Şərtlər istədiyim kimidir.

- Yaxşı təkliflər aldığınızı bildirdiz. Maliyyə məsələsini nəzərdə tutursuz, yoxsa...?

- Mənim üçün maliyyə məsələsi hər zaman ikinci sırada olub. Əsas oynadığım klubda dəyər görməkdir. Xidmətimdən maraqlı olan komandalarda heyət çox yaxşıdır. Maddi durumları da məni qane edir. Həmçinin məşq bazaları ürəyimcədir. Fasilə yarandığı üçün bu fürsətdən yararlanmaq istədim.

- Təklif aldığınız klubların adlarını açıqla bilərsiz?

- Türkiyə klubları ilə danışıqlar gedir. Bunlar “Asyaspor”, “Amedspor”, “Beylerbeyi” və “Fatih Vatan”dır.

- Bu klublardan turnir cədvəli baxımından ən yaxşı mövqedə Türkiyə Superliqasında 4-cü sırada olan “Beylerbeyi”dir. Bu amil seçiminə təsir edə bilər?

- Seçimimə təsir edəcəyini düşünmürəm. “Beylerbeyi” yaxşı heyətə sahib olan komandadır. Burada da oynaya bilərəm. Amma dəqiq qərarımı verməmişəm.

- Bəs həmin komandalardan öndə olan “Fomget”dən ayrılmaq geriyə atılan addım deyil?

- Bunun karyerama mənfi təsir edəcəyini düşünmürəm.

- Arxaya boylansaq, bu klubda çıxışını necə qiymətləndirirsən?

- “Fomget”də yüksək səviyyədə çıxış etdiyimi düşünürəm. Çünki bunu oyunumu izləyənlər də deyir. Karyeramın ən parlaq dönəmləri bu klubda keçdi. Əsas heyət futbolçusu olmuşam. Buraxdığım matçlar da zədə səbəbindən olub.

- Türkiyə çempionatında rəqabət səni qane edir? Bu ölkənin çempionatı sənə nə qazandırıb?

- Türkiyə liqasında rəqabət çox yaxşıdır. Ötən illərə baxdıqda bu il daha güclü mübarizə gedir. 1-2 komandanı çıxmaq şərti ilə digər klublara qarşı oyunlar çox gərgin keçir. Burdakı karyeram mənə çox şey qazandırıb. Böyük təcrübədir. 2 dəfə Çempionlar Liqasında çıxış etmişəm. ALG Spor-da oynadığım zaman qitənin bir nömrəli klub turnirində qol da vurmuşam. Düşünürəm ki, burada çıxış etmək futbolçu “CV”si üçün çox önəmlidir.

Emin Ağa
İdman.biz