“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibə verib.
İdman.Biz bildirir ki, ukraynalı mütəxəssis təlim-məşq toplanışını dəyərləndirib.
“Təlim-məşq toplanışı çox xoşuma gəldi, çox yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə rəhbərliyimizə xüsusi təşəkkürümü bildirirəm. Onlar komandamızın məşqi və inkişafı üçün bizə rahat şərait yaratmaqdan ötrü hər şey etdilər. Həmçinin futbolçulara da toplanışa görə təşəkkür edirəm. Onlara minnətdaram ki, qoyduğumuz tələbləri və yüklənmələri yerinə yetirdilər, yaxşı işlədilər, tempi qorudular və inkişaf göstərdilər”, - Vernidub deyib.
Baş məşqçi komandada ciddi zədəli futbolçu olmadığı üçün şad olduğunu bildirib: “Düzdür, bəzi oyunçularda mikro zədələr var, amma onları qısa müddətdə aradan qaldıracağıq və müsbət nəticə əldə edəcəyik. Məni məyus edən yeganə məqam Ortisin hərarət səbəbindən məşq prosesindən kənarda qalmasıdır, amma düşünürəm ki, 1-2 günə vəziyyəti normallaşacaq”.
Vernidub komandada heç kimi xüsusi fərqləndirmək istəməyib.
“Heç kimi fərqləndirməməyimin səbəbi odur ki, biz böyük bir ailəyik. Hazırda komandada bu cür ab-hava olduğuna görə qürur duyuruq. Yeganə qeyd etmək istədiyim futbolçu Murad Məmmədovdur. Əgər bu cür davam etsə, onu çox böyük gələcək gözləyir. Həmçinin “Neftçi-2”dən bizə qoşulan futbolçulara – Nihad Əliyev və Məhəmməd Məmmədliyə də təşəkkür etmək istəyirəm. Onlara minnətdaram ki, çalışdılar və məşq prosesində bizə kömək etdilər.
Düzdür, çox oynamaq şansı qazanmadılar, amma biz onların inkişafını izləməyə davam edib gələcəkdə də məşq proseslərinə cəlb edəcəyik. Hər şey hələ indi başlayır. Qarşıda bizi “Zirə” kimi çox ciddi rəqibə qarşı hazırlıq həftəsi gözləyir. “Zirə” çox yaxşı komandadır. Təhlil üçün çox işimiz var. Təhlil edib bu oyuna hazırlaşacağıq”, - mütəxəssis vurğulayıb.
Baş məşqçi hazırda nəyisə dəyişməyə ciddi ehtiyac görmədiyini bildirib: “Çünki komandada kifayət qədər futbolçu var, hamı istəklidir və çalışır, bu da məni qane edir. Bununla belə, əgər bizə maraqlı və “Neftçi” səviyyəsinə layiq bir futbolçu olarsa və o da komandamıza qoşulmaq istədiyini bildirərsə, əlbəttə ki, bu variantı nəzərdən keçirəcəyik. Açığı, bu mövzuda danışmaq çətindir, çünki hər məşqçi heyətin güclənməsini istəyər. Lakin hazırda futbolçularımız var və biz də, onlar da qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə və mövcud vəziyyəti düzəltməyə hazırıq.
Baxacağıq, indi konkret nəsə demək çətindir. Qarşıda hələ bir həftəlik hazırlıq var və Bakıda hazırlaşacağıq. Yeganə fərq Bakının havasıdır. Burada temperatur +25 dərəcədir, Bakıda isə +5, +6 dərəcə və güclü külək gözlənilir. Amma qorxulu heç nə yoxdur. Biz burada hazırlaşmışıq, məşq etmişik və düşünmürəm ki, bu bizim üçün böyük çətinlik yaradacaq. Hazırda bu heç də ən vacib məqam deyil. Çempionatın son 17 turuna 100 yox, 150 faiz hazır olmalıyıq”.
Vernidub dəstək verdiklərinə görə azarkeşlərə təşəkkür edib.
“Azarkeşlərə demək istəyirəm ki, heç vaxt komandadan üz döndərməsinlər. Vəziyyətin nə qədər ağır və ya asan olmasından asılı olmayaraq, tribunaya gəlin. Siz hər zaman komandanın yanında olmalısınız. Komanda isə mənim fikrimcə, ən yaxşı nəticəni göstərmək üçün əlindən gələni edəcək”, - baş məşqçi yekunlaşdırıb.
