“Neftçi”nin futbolçusu: “Çantalarımı belə yığmışdım, türklər məni aldatdı”

Müsahibə
21 Dekabr 2023 12:22
200
“Neftçi”nin futbolçusu: “Çantalarımı belə yığmışdım, türklər məni aldatdı”

“90-a yaxın şəxs mənimlə əlaqə saxladı, hər kəs müxtəlif variantlar təklif edirdi. Onların əksəriyyəti Türkiyə klublarından idi, özüm də ora getmək istəyirdim”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin legioneri Reziuan Mirzov Rusiya mətbuatına Türkiyə klublarının təmsilçiləri ilə uğursuz danışıqlara münasibət bildirərkən deyib.

Əvvəllər “Ximik” və “Spartak”da (Moskva) oynayan hücumameyilli sol yan yarımmüdafiəçi türkiyəli agentlər tərəfindən aldadıldığını bildirib: “Bacardığım hər kəslə danışıqlar apardım. Danışıqlarımın əksəriyyəti Türkiyə klublarının təmsilçiləri ilə olub. Bir neçə dəfə transferə o qədər yaxın idik ki, artıq çantalarımı belə yığmışdım, amma alınmadı. Əsasən də “Sivasspor”, “Konyaspor” klublarının agentləri məni aldatdılar”.

30 yaşlı futbolçunun sözlərinə görə, türkiyəli agentlərlə dəqiq iş görmək bir qədər çətindir.

Qeyd edək ki, Mirzov 2023-cü ilin sentyabrında Bakının “Neftçi” klubu ilə azad agent kimi müqavilə imzalayıb. O, Azərbaycanda keçirdiyi 10 qarşılaşmada 1 məhsuldar ötürmə edib.

İdman.biz