“Qarabağ”da oynamış son azərbaycanlı: “35 ildən artıqdır ki, bu torpaqlara ayağım dəymirdi”

20 Dekabr 2023 17:02
1 446
“Qarabağ”da oynamış son azərbaycanlı: “35 ildən artıqdır ki, bu torpaqlara ayağım dəymirdi”

“Şuşadan 1988-ci ilin yanvarın 11-də çıxmışdım. 35 ildən çox idi ki, bu torpaqlara ayağım dəymirdi”.

Bunu İdman.biz saytına Xankəndinin “Qarabağ” klubunun sabiq futbolçusu Munis Abdullayev deyib.

58 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/8 finalı çərçivəsində yenidən doğma stadionda iş başında olacaq. O, bu dəfə futbol oynamayacaq, “Qarabağ” – MOİK matçında hakim-inspektor vəzifəsini yerinə yetirəcək.

Abdullayev Azərbaycan komandalarının yenidən Xankəndi stadionuna qayıdışını hansısa sözlə ifadə edə bilməyəcəyini deyib: “Doğma yerdə, doğma torpağımızdayıq. Hazırda Şuşadayam, hələlik şəhəri yaxşı gəzə bilməmişəm. Amma buranı qarış-qarış addımlamağa hazırıq. Sabah da doğma stadionumuzu, meydanı və tanıdığım məkanların hamısını fəxrlə gəzəcəm”.

Xankəndi “Qarabağ”ında oynamış son azərbaycanlının sözlərinə görə, dekabrın 21-də azarkeşləri çox maraqlı qarşılaşma gözləyir: “Çünki işğaldan azad olunduqdan sonra Xankəndi stadionunda baş tutacaq ilk matçda "Qarabağ" və əsgərlərimizdən ibarət MOİK meydana çıxacaq. Fikrimcə, bu cür idman tədbirləri burada davamlı keçirilməlidir”.

Qeyd edək ki, “Qarabağ” - MOİK qarşılaşması dekabrın 21-də saat 14:00-da start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz