Azərbaycan atletikasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər davam edir.
İdman.biz xəbər verir ki, bu gün Avropa Atletika Assosiasiyasının və Azərbaycan Atletika Federasiyasının rəhbərliyi Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Rəsmilər Ümummilli Liderin məzarı önünə əklil və gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb. Ardından ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanı ziyarət edilib.
Daha sonra Əmircan qəsəbəsindəki 226 nömrəli tam orta məktəbin stadionunda atletikanın atma növləri üzrə məşq bazasının açılış mərasimi keçirilib.
Tədbirdə Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, Balkan Atletikasinin prezidenti Slobodan Brankoviç və Türkiyə Atletika Federasiyasının prezidenti Fatih Çintimar iştirak ediblər. Bu qurğuda idmançıların istifadəsi üçün çəkicatma, nizəatma, lövhəatma, nüvəitələmə, uzunluğa tullanma sektorları və qaçış cığırları mövcuddur.
Bu gün həmçinin, Azərbaycan Atletika Federasiyasının yeni ofisinin açılış mərasimi keçirilib.
İdman.biz