Azərbaycan güləşçiləri dünya çempionatının favoritləri arasında olacaqlar

Xəbərlər
14 Avqust 2025 22:04
29
Azərbaycan güləşçiləri dünya çempionatının favoritləri arasında olacaqlar

Dünya Güləş Birliyinin (UWW) rəsmi saytı avqustun 17-də Bolqarıstanın Samokov şəhərində start götürəcək gənclər arasında güləş üzrə dünya çempionatının (U-20) favoritlərini açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıda Azərbaycan güləşçilərinin də adı var.

Böyüklər arasında sərbəst güləş üzrə Avropa çempionatının bürünc mükafatçısı Ağanəzər Novruzov (74 kq) yanaşı Ladrion Lokett (ABŞ), İsmayıl Xaniyev (UWW) və Manuel Vaqin (Almaniya) qızıl medala əsas namizəd hesab olunurlar.

92 kq çəki dərəcəsində ötənilki dünya çempionatının bürünc mükafatçısı Anar Cəfərli əsas rəqiblərindən biri qazaxıstanlı Kamil Kuruqliyev olacaq. Ağır çəkidə 17 yaşadək güləşçilər arasında dünya çempionu Yusif Dursunov (125 kq) titul uğrunda mübarizə aparacaq. Onun İnal Qaqloyev (UWW), Koul Mirasola (ABŞ) və Edige Kassimbek (Qazaxıstan) kimi güclü rəqibləri var.

Gənclər arasında Avropa çempionu Vasif Bağırov (57 kq) Nika Zanqaladze (Gürcüstan) və Arşia Həddadi (İran) kimi güləşçilərlə yolu kəsişə bilər.

Qadınlar arasında 59 kq çəki dərəcəsində 2024-cü ildə məğlub olmayan Günay Qurbanovanın əsas rəqibi yaponiyalı favorit Sakura Onişidir. 62 kq çəki dərəcəsində isə Ruzanna Məmmədova Anjli (Hindistan) və Annika Fiennes (Kanada) ilə medal uğrunda mübarizə aparacaqlar.

Yunan-Roma güləşində Turan Daşdəmirov (55 kq) İvan Solomindən (UWW) qisas almaq niyyətindədir. Onun rəqibləri arasında Koba Karumidze (Gürcüstan) da var. Ayxan Cavadov (60 kq) və Davud Məmmədov (77 kq) da mükafatlar uğrunda mübarizə aparacaqlar.

İdman.biz