Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın yunan-Roma güləşçilərindən daha beşi mübarizəyə qoşulub.
Onlardan dördü yarımfinala vəsiqə qazansa da, yalnız iki təmsilçimiz finala yüksələ bilib.
U-17 dünya çempionatı
Yunan-Roma güləşi
45 kq
Abdurrahman Hüseynli amerikalı Tales Silvaya 6:3, gürcüstanlı Saba Abaşidzeyə 9:6 hesabıyla qalib gələrək yarımfinala yüksəldi. Abdurrahman bu mərhələdə qırğızıstanlı Nurkerim Kumarbekovla güləşib. Təmsilçimiz 0:7 hesabı ilə uduzaraq, finaldan kənarda qalıb.
51 kq
Hikmət Haqverdiyev rumıniyalı Andrey Peleana 7:0, norveçli Abu Bakar Saqaya 9:2 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda qırğızıstanlı İslam Kurbanovla münasibətinə aydınlıq gətirib. 4:3 hesabı ilə üstün olan Hikmət həlledici görüşdə güləşmək şansı əldə edib.
60 kq
Əli Nəzərov xorvatiyalı Roko Kuriçə 5:1, gürcüstanlı Lazare Qoqotişvili (10:1) və özbəkistanlı Humoyun Erkinova (9:0) isə tam üstünlüklə qalib gəlib. O, yarımfinalda iranlı Əbülfəzl Eşağiylə güləşib. Qarşılaşma 1:1 hesabı ilə bitsə də, Əli sonuncu xal prinspinə görə, finala yüksəlib.
71 kq
Yusif Əhmədli türkiyəli Emirhan Çakırı tam üstünlüklə (8:0), gürcüstanlı Giorgi Qoqelaşvilini 7:2 və tacikistanlı Alişer Ruzimadovnı 9:5 hesabıyla məğlub edib. Təmsilçimiz yarımfinalda özbəkistanlı Bəhruzbek Vəliyevlə üz-üzə gəlib. 5:9 hesabı ilə uduzan güləşçimiz bürünc uğrunda yarışacaq.
92 kq
Səid Paşayev 1/8 finalda iranlı Amirsam Mohammadiyə 1:6 hesabıyla məğlub olub.
Qeyd edək ki, bu gün təsəlliverici görüşdə Qurban Məcnunov (48 kq) amerikalı Maykl Randla 3:7, Hüseyn İsgəndərov (65 kq) onun komanda yoldaşı Arseni Kikinyova "tuş"la məğlub olub. Onlardan fərqli, Nihat Bəhmənov (55 kq) təsəlliverici görüşdə braziliyalı Lavozyer Marusoya 3:1 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, üçüncü yer uğrunda tacikistanlı Mehdi Barotovla güləşəcək. Təsəlliverici görüşdə ukraynalı Nestor Baranı 6:5 hesabıyla məğlub edən Nicat Yeylaqaliyev (80 kq) isə bürünc medal uğrunda türkiyəli İsmayıl Bərəkətlə qarşılaşacaq.
İdman.biz