Hacı Əliyev Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən sərbəst güləş üzrə koordinator təyin edilməsinə münasibətini bildirib.
İdman.biz xəbər verirb ki, ikiqat olimpiya, üçqat dünya və dördqat Avropa çempionu bu barədə "Report"a açıqlama verib.
O, AGF rəhbərliyinə təşəkkür edib: "İlk növbədə Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə mənə göstərdikləri yüksək etimada görə təşəkkürümü bildirirəm. İdmançı kimi qazandığım uğurlarla güləşimizə necə xidmət etmişəmsə, bu məsuliyyətli vəzifədə də əlimdən gələn dəstəyi göstərməyə çalışacağam".
Əliyev görəcəyi işlərdən danışıb: "Sərbəst güləş üzrə koordinator vəzifəsində görəcəyim işlər bu növdə seleksiya aparmaq, son illərdə Bakıda və bölgələrdə federasiyanın dəstəyi ilə açılmış sərbəst güləş bölmələrinin fəaliyyətini koordinasiya etmək olacaq. Həmçinin yeniyetmə və gənclərin çəkisalma məsələlərinin tənzimlənməsi prosesinə, yeniyetmə və gənclər üzrə milli komandalarda beynəlxalq yarışlara seçim qaydalarının düzgün tətbiqinə nəzarət edəcəyəm. Bununla yanaşı, böyüklərin təlim-məşq toplanışı zamanı dəstək, eləcə də yeniyetmə və gənclər arasında nüfuzlu yarışların medalçılarının yuxarı yaş qruplarına keçidi zamanı itkilərin qarşısının alınması üçün aparılan fəaliyyətdə iştirak edəcəyəm".
İdman.biz