Qurban Qurbanov: “Cavanlığımı yaşamıram” - MÜSAHİBƏ

Müsahibə
4 İyun 2024 14:33
1 908
Qurban Qurbanov: “Cavanlığımı yaşamıram” - MÜSAHİBƏ

Azərbaycan millisinin yunan- Roma güləşçisi, dünya və Avropa çempionu Qurban Qurbanovun (82 kq) İdman.bizə müsahibəsi

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla tanışlığınız var?

- Yox. Düzü, heç özüm də buna təşəbbüs göstərməmişəm. Təsadüfən rastlaşarıqsa, başqa məsələ. Ancaq gedib nə deyim? Mənim də adım Qurbandır? Qurban Qurbanov örnək alınası şəxsdir. Onun futbolumuzda özünəməxsus yeri var. Bu arada bizim təkcə ad, soyadımız yox, üstəlik atalarımızın da adı eynidir: Qurbanov Qurban Osman oğlu.

- Adaşınız kimi soyuqqanlısınız. Xüsusilə də, qalibiyyət zamanı.

- Bəli, çox emosional idmançı deyiləm. Udanda da, uduzanda da çalışıram ki, hislərə çox qapılmayım.

- Ötən ay fərqli çəki dərəcəsində olsa da, Avropa çempionu titulunuzu qoruduz. Özünüzü necə mükafatlandırdınız?

- Çox sağ olun. Demək olar ki, istirahət edə bilmədim. Ancaq indi o qədər də intensiv məşq eləmirəm. Konkret olaraq hazırlaşdığım bir yarış yoxdur. Hər şey məşqçilərin qərarından asılıdır. Bir-iki zədəm var, hazırda müalicələrə köklənmişəm.

- Zədəniz ciddidir?

- Yox, elə də ciddi deyil.

- Çəkinizi yeni dəyişmisiniz. Bu mərhələ sizə çətin olmadı?

- Əlbəttə, bu çəkiyə öyrəşmək vaxt tələb edir. Düşünürəm ki, aşağı çəkidə - 72, yaxud da 77 kq-da da mübarizə apara bilərdim. Məşqçimin məsləhətlərinə əsasən bu qərarı verdik. Onsuz da, güləşə təzə başladığım dövrdən etibarən çəkimi tez-tez dəyişirəm. Bu da onu deməyə əsas verir ki, çəki dəyişərkən böyük problem yaşamıram.

- Yeni çəki həm də yeni rəqiblər deməkdir. Özünüzə kimləri rəqib görürsünüz?

- Bu çəkiyə təzə gəldiyim üçün hazırda hamı mənə rəqibdir. Yeni çəkidə hələ özümü sübut etmədiyim üçün kimlərin mənə rəqib olduğunu deyə bilmərəm.

- Avropa çempionluğu sübut deyildi?

- Düşünmürəm.

- Sizin mütaliəli olduğunuzu deyirlər. Haqlıdırlar?

- Daimi kitab oxuyuram desəm, yalan olar. Ancaq vaxt tapdıqca oxumağa çalışıram. Yaxud da tarixi, fəlsəfi debatlara qulaq asmağı sevirəm. Düşünürəm ki, insanın yaşadığı dünya haqqında məlumatı olmalıdır.

- İdmançı həyatının olmazları çoxdur. Bu çərçivələrə nə qədər sadiqsiniz?

- Cavanlığımı ürəyim istəyən kimi yaşamıram. Seçdiyimiz iş elədir ki, müəyyən çərçivələri qorumalısan. Qidana, yuxu rejiminə, intizama diqqət etməlisən. Məncə, bu sadaladıqlarım idmançılar yox, digər insanlar üçün də faydalıdır.

- Bəs uşaqlığınızı könlünüzcə yaşamısınız? Ümumiyyətlə, idmana gəlişiniz necə olub?

- Uşaqlığım Kürdəmir rayonunun Muradxan kəndində keçib. Kəndimizdəki güləş zalının məşqçisi Şərif müəllim qohumum idi. Evdən dedilər ki, zal açılıb sən də get. Bir-iki idman paltarı aldılar, mən də güləşə başladım. Düzü, o vaxtlar bilmirdim ki, idmanda qalacam. Çünki bir dəfə gedirdim, bir dəfə getmirdim. Sonra məşqçim daha tələbkar davranır, məşqə getməyəndə ev telefonuna zəng edir, özü arxamca gəlirdi. Hardan bilim ki, buralara gəlib çıxacam. Həmin vaxt kənddə göyərçin saxlayırdım (gülümsəyir). Sonra Bakıya liseyə göndərdilər. Düzü, əvvəlcə Bakı olduğu üçün həvəsləndim, ancaq belə çətin olacağını bilmirdim. O vaxt yaşım çox az idi.

Sualınızın konkret cavabına gəldikdə isə... tay-tuşlarım kimi tələbə olmamışam. İşimizdən dolayı uşaqlığımızı da doyunca yaşamamışıq. Sanki qaçırsan və arxanda kimsə var. Daim qaçmalısan ki, sənə çatmasınlar. Bu şəraitdə necə rahat yaşaya bilərsən? Bir dəfə gözünü yumub-açsan, görəcəksən ki, artıq kimsə səni ötüb. Bir nümunə deyim, dünya çempionatına Azərbaycandan cəmi on nəfər gedir. Sən əgər istəyirsənsə, orda olasan, bir çox şeydən imtina etməlisən. Mən düşünmürəm ki, şan-şöhrətə görə bu əziyyətə dözmək olar. Maddi tərəfi də bir yana, idman həm də mübarizədir. Bir yerdən sonra anlayırsan ki, artıq döyüşün ortasındasan, uduzmaq istəmirsən. Yarımçıq qoymağı özünə sığışdıra bilmirsən. Təzə gəldiyim vaxtlarda bəzən ev üçün darıxıb ağlayırdım. Bir yandan da getmək istəmirdim. Hara gedəsən?

- Məncə, sizi getməyə qoymayan həm də erkən yaşlarınızda qazandığınız uğurlar olub.

- Hə, yeniyetmələr arasında dünya çempionu olmuşam. Avropa, dünya mükafatçısı olmuşam. Yaxşı nəticələrim vardı. Ancaq insan ən sevdiyi işdən belə bezə bilir. Həmin dövrdə məni saxlayan əsas şey döyüşmək istəyi idi. Bəzi yaşlı idmançılara baxın, onlarda bu dediyimi daha aydın görəcəksiniz. Elə idmançılar var ki, maddi olaraq da hər şeyi təmin ediblər, ancaq yenə də döyüşü buraxmaq istəmirlər.

- Rəqabətcil idmançısınız?

- Bəli. Yaşıdım idmançılar – Həsrət Cəfərov, Nihat Məmmədli, Rəşad Məmmədov... biz hamımız eyni dövrdə, eyni zalda güləşmişik. Aramızda kifayət qədər ciddi rəqabət olub.

- Bəs dostluq necə?

- Hər biri ilə yaxşı münasibətim var. Nihat indi aşağıda məni gözləyir.

- Qurban, ailədə sizdən başqa idmançı var?

- Ailəmizdə məndən savayı idmanla məşğul olan yoxdur. Ancaq onların dəstəyini həmişə hiss etmişəm. Atam dünyasını dəyişib. O vaxt atam da, anam da uduzanda deyirdi ki, o da “xalxın uşağı”dır, həmişə sən udmayacaqsan ki.

- Atanız uğurlarınızı gördü?

- Hə, gördü. Düşünürəm ki, atam məndən arxayın gedib.

- Bu il baş tutacaq Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək istərdinizmi?

- Əlbəttə. Amma o çəkidə lisenziya qazanan idmançıların da qarşısında olmaq istəməzdim. Çünki onlar ora getmək üçün kifayət qədər böyük işlər görüblər. Artıq böyük bir missiyanı tamamlayıb sona yaxınlaşırlar. Mən həmin etapda hərbi xidmətdə olduğum üçün yarışlara qoşula bilmədim.

- Komandada olsaydınız, lisenziya qazana biləcəkdiz?

- Düzü, bu sualın cavabını dəqiq bilmirəm. Çünki çəkimi yeni dəyişmişdim. Mən onların çəkdiyi əziyyəti də görürəm. Sənan Süleymanov zala girəndə elə bil mumiya görürsən. Bütün bədəni yara binti olur, zədəli məşqlər edir. Rafiqin qırx yaşı var. Bu gün, sabah onun uşağı da güləşəcək. Bu vəziyyətdə mən necə onların qarşısında ola bilərəm? Əgər lap əvvələ qayıtsaydıq, başqa məsələ. Əlbəttə, getmək üçün əlimdən gələni edərdim. Kim istəməz ki? Lap elə siz özünüz də istəyərdiniz ki, Olimpiadaya gedəsiniz.

Aytac Sahəd
İdman.biz