Nurməhəmmədov DÇ-nin finalına yüksəlib, Bayramov və Abbasov bürünc medal uğrunda mübarizə aparacaqlar

Xəbərlər
17 Sentyabr 2023 20:10
89
Nurməhəmmədov DÇ-nin finalına yüksəlib, Bayramov və Abbasov bürünc medal uğrunda mübarizə aparacaqlar

Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

İdman.biz-in məlumatına görə, o, yarımfinalda yaponiyalı Araş Yoşida üzərində inamlı qələbə qazanıb (10:0) və sabah qızıl uğrunda mübarizə aparacaq.

Orxan Abasov (79 kq) bürünc mükafatı almaq şansı qazanıb. O, yarımfinalda Əhməd Usmanova (neytral status) uduzub.

Olimpiya kateqoriyalarına gəlincə, Turan Bayramov (74 kq) finala bir addım qalmış Zaurbek Sidakova (neytral status) uduzub. Sabah Turan üçüncü yer və Olimpiadaya lisenziya uğrunda mübarizə aparacaq. Lisenziyaları ilk beş güləşçi alacaq.

Eyni zamanda, Abbas Rzazadə (57 kq) çempionatdakı çıxışını başa vurub. İkinci raundda o, Milad Vəlizadəyə (İran) uduzub. Milad isə finala yüksələ bilməyib.

---------

18:27

Belqradda güləş üzrə dünya çempionatının ikinci günü keçirilir.

İdman.biz-in məlumatına görə, bu gün sərbəst güləş üzrə Azərbaycan yığmasının beş idmançısı - Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), Osman Nurməhəmmədov (92 kq) və Maqomed-Başir Xaniyev (70 kq) döşək üzərinə çıxıblar.

Olimpiya kateqoriyalarında Əliabbas Rzazadə (57) Zeyn Riçards (ABŞ) üzərində qələbə ilə başlasa da, 1/8 finalda Milad Vəlizadəyə uduzub. Əgər iranlı finala yüksəlsə, o zaman Rzazadə bürünc uğrunda mübarizə aparmaq şansı qazanacaq.

Turan Bayramov (74 kq) startda Maqomedrasul Asluyevi (Bruney) məğlub edib, Arsalan Budazhapov (Qırğızıstan) üzərində növbəti qələbəsi onu 1/4 finala yüksəldib. Turan bu mərhələdə Soner Demirtaşı (Türkiyə) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Qeyri-olimpiya çəkilərində Orxan Abasov (79 kq) İman Mahdavi (UWW), Arman Avaqyan (Ermənistan) və Şeyn Çandleri (ABŞ) məğlub edərək adını yarımfinala yazdırıb. O, yarımfinalda Əhməd Usmanovla (neytral status) qarşılaşacaq.

Osman Nurməhəmmədov (92 kq) isə Denis Saxalyuku (Ukrayna) məğlub edərək ikinci raunddan döyüşə çıxıb. Daha sonra o, Zahid Valensiyanı (ABŞ) məğlub edərək yarımfinala yüksəlib.

---------

16:11

Belqradda güləş üzrə dünya çempionatının ikinci günü keçirilir.

İdman.biz-in məlumatına görə, bu gün sərbəst güləş üzrə Azərbaycan yığmasının beş idmançısı - Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), Osman Nurməhəmmədov (92 kq) və Maqomed-Başir Xaniyev (70 kq) döşək üzərinə çıxıb.

Olimpiya kateqoriyalarında Əliabbas Rzazadə (57) Zeyn Riçards (ABŞ) üzərində qələbə ilə başlayıb - 3:2.

Turan Bayramov (74 kq) startda Maqomedrasul Asluyevi (Bruney) məğlub edib.

Qeyri-olimpiya çəkilərində Orxan Abasov (79 kq) İman Mahdavi (UWW) üzərində qələbə ilə başlayıb - 6:3.

Osman Nurməhəmmədov (92 kq) isə ikinci raundda Denis Saxalyuk (Ukrayna) ilə döyüşə çıxacaq.

Öz növbəsində Maqomed-Başir Xaniyev (70 kq) təsəlliverici blokun ilk görüşündə Patrik Kşiştof Olenşinə (Polşa) uduzub - 10:13.

--------

09:34

Belqradda güləş üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, sərbəst güləşçilər çıxışlarını davam etdirirlər. Bu gün Azərbaycan millisinin beş idmançısı - Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), Osman Nurməhəmmədov (92 kq) və Maqomed-Bəşir Xaniyev (70 kq) döşək üzərinə çıxacaq.

Olimpiya kateqoriyalarında Əliabbas Rzazadə (57) Zeyn Riçardsla (ABŞ) mübarizə aparacaq.

Turan Bayramov (74 kq) Maqomedrasul Asluyevlə (Bruney) qarşılaşacaq.

Orxan Abasov (79 kq) İman Mahdavi (UWW) ilə qarşılaşacaq.

Osman Nurməhəmmədov (92 kq) isə mübarizəyə ikinci raunddan başlayacaq.

Bir gün əvvəl start götürən Maqomed-Bəşir Xaniyev (70 kq) təsəlliverici görüşlər vasitəsilə bürünc uğrunda mübarizə aparmaq şansı qazanıb. Onun medal yolunda ilk rəqibi Patrik Kşiştof Olenszin (Polşa) olacaq.

Zəki Feyzullayev

İdman.biz