Avropa çempionumuz: “Əsas odur ki, uduzanda da yada düşəsən, üzlər gördüm” - MÜSAHİBƏ

Müsahibə
14 Fevral 2024 12:36
881
Avropa çempionumuz: “Əsas odur ki, uduzanda da yada düşəsən, üzlər gördüm” - MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Avropa çempionatının qalibi Murad Məmmədovun (63 kq) İdman.biz saytına müsahibəsi

- Nəhayət ki, tilsimi qırdın. Avropa çempionu olmaq necə hissdir?

- Avropa çempionu olmaq çox gözəl hissdir. Bunu sözlə ifadə etmək olmur. Bundan qabaq gümüş və bürünc medalım var idi. Çempion olmaq üçün Rumıniyaya gəldiyimi demişdim. Düzdür, Xorvatiyadakı turnirdə qolumdan ciddi zədə almışdım. Həkimlərin məsləhəti ilə əslində əməliyyat olunmalıydım. Bunu istəmədim. Bu olsaydı, 5-6 ay arenalardan kənar qalmalı idim. İsrar etdim ki, əməliyyat olunmayım, güləşim və şükürlər olsun ki, Avropa çempionu oldum.

- Onda bu yarışdan sonra əməliyyat olunmağı planlaşdırırsan?

- Xeyr, hazırda bu barədə düşünmürəm. Qarşıda lisenziya turnirləri var. Olimpiadaya lisenziya qazansam, Paris-2024-dən sonra əməliyyat olunacam. Amma alınmasa, bunu tezləşdirəcəm.

- 63 kq-da özünü doğrultdun. Bundan sonra da bu çəkidə davam edəcəksən, yoxsa Olimpiya çəkisinə keçəcəksən?

- Son 2-3 yarışda 63 kq-da güləşirəm. Bunun səbəbi yığmada çəkinin əsas lideri Taleh Məmmədovun dizindən zədə almasıdır. İndi yenidən Olimpiya çəkisində güləşib, güləşməyəcəyimi demək çox çətindir. Bunu gələcək göstərəcək. Seçimlər olacaq, məşqçilər nə desə, o da olacaq.

- Avropa çempionatında medal kolleksiyanı tamamladın. Dünya çempionatında isə yalnız qızıl çatmır. Bunu bacaracağına inanırsan?

- Əlbəttə. Karyeramı bitirmirəm. Növbədə dünya da, Olimpiya çempionu da olmaq var. Əslində, 2023-cü ildə Serbiyada dünya çempionu ola bilərdim. Hakimlərin qeyri-peşəkarlığı məni bundan etdi. Normal referi olsaydı, orda qızıl medal qazanacaqdım.

- Çempion olduqdan sonra ilk təbriklər kimdən gəldi?

- Çempion olduğun zaman hamı səni təbrik edir (gülür). Əsas odur ki, məğlub olanda adamı yada salsınlar. Bir müddət uduzurdum və bəzilərinin əsl üzləri görürdüm. İndi hamı təbrik edir. Əlbəttə ki, bu xoş hisslərdir.

- Çempionluğu kimə həsr edirsən?

- Qızıl medalı atama həsr etmək istəyirəm. Çünki aprelin 5-i onun ad günüdür. Düzdür, bir az tez oldu (gülür). Amma yenə də ona həsr edirəm. O böyüklər arasında çempion olmağımı çox görmək istəyirdi.

- Çempionatda soyuqqanlı təsir bağışladın. Sanki qalib gələcəyini əvvəldən hiss edirdin.

- Yarışa yollananda çox rahat idim. İslam Abbasova bura gələndə deyirdim ki, elə bil bu yarışa adi turnir kimi baxıram, Avropa çempionatı hissi yoxdur. 4 görüş keçirdim və yüngül həyəcan hissi ilə görüşlərimi başa vurdum. Qorxu hissi olsun, həyəcandan boğulum, belə şeylər yaşanmadı. İllər ərzində yaxşı təcrübə yığmışam. Hər şeyi təcrübəmə borcluyam.

- Əsas hədəflərin nədir?

- Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq, təbii ki, Fransada medal qazanmaq, çempion titulunu əldə etmək əla olardı. Dünya və Olimpiya qızılını hədəfləmişəm. Bu olsa, dünya çempionatında da medal kolleksiyam tamamlanacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: