Yunan-roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisinin dəyişdirilməsi ölkə xaricində də diqqətdən kənarda qalmayıb.
Bu məsələ ilə bağlı fikirlərini İdman.Biz-lə azərbaycanəsilli keşmiş belarusiyalı güləşçi, Olimpiya çempionu, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov bölüşüb.
Kamandar Məcidov vurğulayıb ki, Aleksandr Tarakanov Yunan-roma güləşi üzrə Azərbaycan millisinin formalaşmasında böyük rol oynayıb.
“Onunla niyə yolların ayrıldığını bilmirəm, bunu federasiyanızın rəhbərliyi daha yaxşı bilər. Bu qərarın düzgün, yoxsa səhv olmasını yazda Albaniyada keçiriləcək Avropa çempionatı göstərəcək. Yeni baş məşqçi Məhəmməd Banaya gəlincə, o, İranda yaxşı nəticələr göstərmiş savadlı mütəxəssisdir. Bildiyiniz kimi, İranda hər zaman dünya səviyyəli güləşçilər olub. Onun Azərbaycanda özünü necə göstərəcəyinə gəlincə, bu suala hələlik cavabımız yoxdur”, - deyə Yunan-roma güləşi üzrə Olimpiya çempionu Kamandar Məcidov bildirib.
