Azərbaycan çimərlik güləşçiləri 2026-cı ildə Dünya Seriyasında tam heyətlə mübarizə aparacaqlar.
İdman.Biz xəbər verir ki, yığmanın baş məşqçisi Oyan Nəzəriani bu fikirləri Bakıdakı qarşılama mərasimində jurnalistlərlə açıqlamasında səsləndirib.
O, Misirin İsgəndəriyyə şəhərində keçirilən Dünya Seriyasının final mərhələsi barədə fikirlərini bölüşüb: “Bu, çimərlik güləşi üzrə ilin son yarışı idi. İki çəki dərəcəsində çıxış etdik və hər iki kateqoriyada idmançılarımız Dünya Seriyasında qızıl medal qazandılar”.
Baş məşqçi bildirib ki, 2026-cı ildə yeniyetmələr Yay Olimpiya Oyunlarına ciddi hazırlaşacaqlar: “Artıq növbəti il üçün planlarımız hazırdır. Avropa və dünya çempionatlarında həmin yaş qruplarını seçmişdik və bu yarışlarda da yaxşı nəticələr əldə etmişik. 2026-cı il bizim üçün məsuliyyətli il olacaq”.
Baş məşqçi 2026-cı ildə Dünya Seriyasında bütün çəkilərdə çıxış edəcəklərini vurğulayıb: "Gələn il komanda hesabında da iddialı olmaq üçün dörd çəki dərəcəsində də yer alacağıq. Qazandığımız yüksək nəticələr Azərbaycan Güləş Federasiyasının çimərlik güləşinə staratejik yanaşmasının nəticəsidir. Bir çox ölkələr artıq çimərlik güləşində öz yerlərini tutublar. Demək olar ki, öndə gedən ölkələrin biri də Azərbaycandır. Azərbaycan Güləş Federasiyasının uzaqgörən siyasəti nəticəsində bu nailiyyətləri qazanırıq. Ümid edirəm ki, bu növdə iddiamızı daim qoruyacağıq".