Azərbaycanın iki güləşçisi dünya çempionu oldu - FOTO

Xəbərlər
19 Oktyabr 2025 20:44
51
Azərbaycanın iki güləşçisi dünya çempionu oldu - FOTO

Çimərlik güləşi üzrə mövsümə yekun vurulub.

İdman.Biz xəbər verir ki, Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilən yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 güləşçimiz çıxış edib.

Sahib Dadaşov misirli Adham Abdelzaherə (4:1), Vüsal Əliyev isə gürcüstanlı Diego Maxaradzeyə (3:2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıblar.
A qrupunda yer alan Sahib gürcüstanlı Ramaz Zoidze (2:2) və moldovalı Vasile Diakonu (1:1) sonuncu xal prinsipinə əsasən üstələyibsə, serbiyalı Milyan Rayiçə heç bir şans tanımayıb – 3:0.

B qrupunda qərarlaşan Vüsal isə ilk turda ukraynalı Vasil Mixaylova 1:3 hesabıyla məğlub olsa da, növbəti turda zədəli fransalı Huqo Kueno üzərində texniki qələbə qazanıb. Son turda isə yunanıstanlı Xristos Xristoforidisə 4:0 hesabıyla qalib gəlib.

Dadaşov qrup lideri, Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında təmsilçilərimiz üz-üzə gəlib və Vüsal Sahibi 3:2 hesabıyla məğlub edib.

Dadaşov Zoidzeyə 4:2 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Əliyev isə finalda Mixaylova 2:3 hesabıyla məğlub olub və yarışı gümüş medalla başa vurub.

İbrahim Yusubov A qrupunda amerikalı Yakob Bumqardner (3:0), yunanıstanlı Mixail Akritidis (3:1) və gürcüstanlı Davit Xutsişviliyə (3:2) qalib gəlib. Qrup lideri kimi yarımfinala vəsiqə qazanan təcrübəli güləşçimiz amerikalı Cabari Ayronsa da gücünü göstərib – 4:1. Yusubov finalda ukraynalı Oleksey Yakovçuka 2:1 hesabıyla qalib gələrək çempion olub.

Dünya Seriyasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladığı xallar hesablanıb və hər çəki üzrə yekun 3-lük müəyyənləşib. Nəticədə bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev 80 kq-da dünya çempionu olub. İbrahim Yusubov isə 90 kq-da eyni nəticəyə imza atıb. Beləliklə, təcrübəli güləşçimiz 4 qat dünya çempionu ünvanına sahib çıxıb.

Qeyd edək ki, ilk dəfə bir mövsümdə 2 təmsilçimiz böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanıb.

İdman.Biz