Gecikən oyun, başı yarılan azarkeş, polis müdaxiləsi... - "Marakana"da qan su yerinə axıb - FOTO-VİDEO

Xəbərlər
22 Noyabr 2023 13:30
284
Gecikən oyun, başı yarılan azarkeş, polis müdaxiləsi... - "Marakana"da qan su yerinə axıb - FOTO-VİDEO

DÇ-2026-nın seçmə mərhələsində Braziliya və Argentina komandalarının oyununda qalmaqal yaşanıb.

İdman.biz xəbər verir ki, meydanda yaşanan sərt görüşə "Marakana" ev sahibliyi edib.

Braziliyalı və argentinalı azarkeşlər arasında qarşıdurmada polis gücünə ehtiyac duyulub. Buna onların oturacaqları qıraraq biri-birilərinə atmaları səbəb olub.

Tamaşaçılardan biri başından ağır xəsarət alıb, qan itirib. Argentina millisinin futbolçuları tam heyətlə tribunaya yaxınlaşaraq azarkeşləri sakitləşdirmək istəsələr də, buna nail ola bilməyiblər. Belə olan halda dünya çempionları meydanı tərk edərək 20 dəqiqədən çox paltardəyişmə otağında gözləyiblər.

Nəticədə matç yarım saat gec başlayıb. Hər iki tərəfdə emosiyalar yüksək olaraq qalıb və oyun boyu gərginlik davam edib.

Qabriel Martinelli ikinci hissədə qonaqların qapısı qarşısında gözəl qol epizodu yaratsa da, Martines rəqibin yaxın məsafədən zərbəsini dəf edib.

Bir neçə dəqiqə sonra Fernado Diniz Gimareş və Martinellini Veyqa və Luislə əvəzləyib. Skaloni isə öz növbəsində, Messi ilə Alvaresi Di Maria və Lautaro Martinezlə dəyişib. Leo demək olar ki, bütün matç boyu diqqət çəkə bilməyib.

Meydan sahibləri daha üstün oyun göstərsələr də, Skaloninin komandası növbəti künc zərbəsindən maksimum yararlana bilib. Görüşün 63-cü dəqiqəsində müdafiəçi Nikolas Otamendinin vurduğu dəqiq zərbə oyunun taleyini həll edib.

Beləliklə, “Marakana”dakı qələbə sayəsində Argentina Cənubi Amerika seçmə mərhələsində liderliyini qoruyub. "Pentakampeonlar" isə ardıcıl üçüncü məğlubiyyətini alıblar.

Dünya çempionatı
Cənubi Amerika, VI tur

22 noyabr

Braziliya - Argentina - 0:1 (0:0)

Qol: Nikolas Otamendi, 63

Hakim - Piero Masa (Çili)
Rio de Janeiro. “Marakana” stadionu

İdman.biz