İtaliyada regional futbol çempionatının oyunundan sonra baş verən dəhşətli hücumla bağlı səkkiz nəfər saxlanılıb. Ağır xəsarət alan “Portiçi” komandasının 34 yaşlı azarkeşi Mario Spedaliere komadadır və həyatı uğrunda mübarizə aparır.
İdman.Biz “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, saxlanılanlardan beşi yetkinlik yaşına çatmış şəxs, üçü isə azyaşlıdır. Onlar ağırlaşdırıcı hallarla müşayiət olunan kütləvi davada iştirak etməkdə ittiham edilirlər.
Araşdırma zamanı saxlanılan 19 yaşlı şəxsin Spedalierenin başına taxta dəyənəklə zərbə endirdiyini etiraf etdiyi bildirilir. Gənc şübhəli ağır bədən xəsarəti yetirməkdə də ittiham olunur.
Hadisə oktyabrın 25-də “Puteolana” və “Portiçi” komandaları arasında keçirilən, qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra baş verib.
İlkin araşdırmaya əsasən, evə qayıdan azarkeşlərin avtomobili Pozzuoli şəhərində bir qrup yerli fanat tərəfindən mühasirəyə alınıb. Hücum edən şəxslər avtomobilin şüşələrini sındıraraq Spedalierenin başına ağır zərbə endiriblər.
Beyin qanaması keçirən azarkeş təcili olaraq xəstəxanaya çatdırılıb və başından ağır əməliyyat olunub. Hazırda o, süni komadadır. Həkimlər onun vəziyyətini son dərəcə ağır qiymətləndirirlər.
