Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edən Azərbaycan komandasının baş məşqçisi Famil Xəlilov qarşılaşmadan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis ilk oyunun gözlənildiyi kimi çətin keçdiyini, lakin futbolçuların ikinci hissədə toparlanaraq layiqli qələbə qazandıqlarını bildirib.
“İlk növbədə, futbolçuları təbrik edirəm. Bilirdik ki, ilk oyunlar çox çətin keçir. Bu, birinci hissədə də özünü göstərdi. İkinci hissədə futbolçular toparlana bildilər və layiqli qələbə qazandılar”, - deyə Xəlilov bildirib.
Baş məşqçi böyükhesablı qələbəyə baxmayaraq, komandanın arxayınlaşmamalı olduğunu vurğulayıb:
“Bizim işimiz hələ yeni başlayır. Çalışmalıyıq ki, maksimum nəticə qazanaq və qrupu liderlər sırasında başa vuraq. Rəqiblərimiz kifayət qədər güclü komandalardır. Bu gün artıq onların oyunlarını da izlədik. Hər biri qələbə qazanmaq uğrunda mübarizə aparır. Ev sahibi kimi turnirdə uğurlu iz qoymaq niyyətindəyik”.
Famil Xəlilov Prezident İlham Əliyevin oyundan sonra komandanı təbrik etməsinə də münasibət bildirib:
“Ölkə Prezidentinin komandanı qəbul etməsi və təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək”.
Qeyd edək ki, Azərbaycan komandası oktyabrın 25-də Andorra və Avstraliya, oktyabrın 26-da isə İsrail və Haiti yığmaları ilə qarşılaşacaq. Turnir oktyabrın 30-da başa çatacaq.
