Aspilikueta: “Çelsi” məni daha yaxşı futbolçu və lider etdi

4 Oktyabr 2026 23:33
94
Aspilikueta: “Çelsi” məni daha yaxşı futbolçu və lider etdi

İngiltərənin “Çelsi” futbol komandasının sabiq müdafiəçisi Sezar Aspilikueta London klubunun onun karyerasına böyük təsir göstərdiyini bildirib.

İdman.Biz xəbər verir ki, ispaniyalı keçmiş futbolçu “Çelsi”dəki yüksək tələblərin onu həm daha yaxşı oyunçuya, həm də liderə çevirdiyini deyib.

Aspilikueta 2012-ci ildə Fransanın “Marsel” futbol komandasından təxminən 7 milyon funt-sterlinq qarşılığında “Çelsi”yə keçib. O, sağ cinah yarımmüdafiəçisi kimi başladığı karyerasında sonradan sağ və sol müdafiəçi, cinah müdafiəçisi və mərkəz müdafiəçisi mövqelərində çıxış edib.

“Öz yolumu tapmalı idim. Əsas məsələ sabitlik idi. Formada qalmaq, fərqli məşqçilərə və müxtəlif mövqelərə uyğunlaşmaq üçün çox çalışmalı idim”, - deyə Aspilikueta bildirib.

Onun sözlərinə görə, “Çelsi”də hər üç gündən bir qələbə tələb olunurdu və hər oyun, hər kubok böyük əhəmiyyət daşıyırdı. Aspilikueta məhz bu mühitin onu maksimum səviyyədə çalışmağa məcbur etdiyini vurğulayıb.

İspaniyalı müdafiəçi daha sonra Con Terri və Qari Kehillin ardından “Çelsi”nin kapitanı olub. O, 2021-ci ildə komandanı UEFA Çempionlar Liqasının finalında “Mançester Siti” üzərində qələbəyə aparıb.

Aspilikueta 2023-cü ildə “Çelsi”dən ayrılıb. O, peşəkar karyerasının son mövsümünü İspaniyanın “Sevilya” futbol komandasında keçirib və daha sonra karyerasını başa vurub. Sabiq futbolçu London klubunun hələ də onun üçün xüsusi yer tutduğunu və bütün oyunlarını izlədiyini bildirib.

İdman.Biz