“İnter Mayami”nin və Argentina millisinin futbolçusu Lionel Messi İspaniyanın ikinci divizionunda çıxış edən “Eldense” klubunun sahibi olub.
İdman.Biz xəbər verir ki, “Deportivo Eldense” klubunun rəsmi saytında argentinalı futbolçunun komandanı satın aldığı açıqlanıb.
“İdman tarixinin ən mühüm simalarından birinin “Eldense” klubunun sahibi kimi İspaniya peşəkar futboluna gəlişi klubun idman, institusional və sosial inkişafını stimullaşdırmağa yönəlmiş uzunmüddətli layihənin başlanğıcıdır. 1921-ci ildə təsis edilmiş “Eldense” klubu öz köklərini, tarixini və göy-qırmızı rənglərini qoruyub saxlamaqla yanaşı, öz mövqelərini möhkəmləndirmək və peşəkar futbolda inkişaf etmək iddiası ilə öz tarixinin yeni mərhələsinə qədəm qoyur. Sövdələşmə İdman haqqında Qanunda müəyyən edilmiş şərtlərə uyğun olaraq Mərkəzi İdman Departamentindən müvafiq icazənin alınmasını gözləyir”, — deyə klubun bəyanatında bildirilib.
“Eldense” Sequndada keçirdiyi yeddi oyundan sonra 5 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
