Niderland millisinin sabiq futbolçusu Rafael van der Vart “Bavariya”ya “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etməyi məsləhət görüb.
İdman.Biz “The Touchline”yə istinadən xəbər verir ki, Van der Vart “Bavariya”nın niderlandlı futbolçu transfer etmək istəməsi halında De Yonqu seçməli olduğunu deyib.
“Əgər “Bavariya”ya bir niderlandlı oyunçu transfer etmək lazımdırsa, bu, Frenki de Yonqdur. Bütün hörmətimlə yanaşı, elə bir zaman gələcək ki, Coşua Kimmix ən yaxşı formasında olmayacaq. Frenki de Yonq “Bavariya”nı daha da gücləndirərdi”, – deyə Van der Vart bildirib.
Frenki de Yonq 2019-cu ilin yayından “Barselona”da çıxış edir. Onun Kataloniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
“Transfermarkt”ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 35 milyon avrodur (70 milyon manat).
