“Barselona” oktyabrın 25-də “Real Madrid”ə qarşı keçiriləcək “El Klassiko” üçün ilk bilet satışına başlayıb.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, ilkin 48 saat ərzində biletlərə yalnız klub üzvləri üçün giriş imkanı yaradılıb. Hazırda ailəvi və standart yerlərin qiyməti 476 - 999 avro arasında dəyişir.
Ən bahalı adi biletlər “Tribuna 2 Inferior” və “Tribuna 1” bölmələrində yerləşir. Bu qiymətlər ötən mövsümün əvvəlində satışa çıxarılan biletlərin başlanğıc qiymətlərindən xeyli yüksəkdir.
Klub həmçinin qiyməti 2 min 50 avrodan başlayan premium paketlər də təklif edir. Ən bahalı premium seçimlərin qiyməti isə 5 min 500 avroya çatır.
Ötən mövsüm “Kamp Nou”da keçirilən “El Klassiko” klub üçün rekord gəlir gətirib. Matçdan 16,4 milyon avro (32,8 milyon manat) əldə olunub. Bundan əvvəlki görüş isə 13,8 milyon avro gəlir gətirmişdi. Həmin qarşılaşmada orta bilet qiyməti 554 avro təşkil edib.
Hazırkı qiymətlərin daha yüksək olması və “Barselona”nın daha çox VIP yer təklif etməsi səbəbindən oktyabr görüşünün klub üçün yeni gəlir rekordu yaratması gözlənilir.
Qeyd edək ki, bilet qiymətləri dinamikdir və tələb-təklifdən asılı olaraq dəyişə bilər.
