“Barselona” yenilənmiş “Kamp Nou” stadionunda VIP yerlərin satışından təxminən 700 milyon avro (1 milyard 400 milyon manat) əldə etməyi planlaşdırır.
İdman.Biz “The Touchline”a istinadən xəbər verir ki, Kataloniya klubu artıq beş minə yaxın belə yer sataraq 380 milyon avrodan çox gəlir əldə edib. İndi “Barselona” daha iki minə yaxın VIP yeri satmaq niyyətindədir. Gözlənilir ki, onların satışından sonra klubun bu proqramdan ümumi gəliri 700 milyon avroya yaxınlaşa bilər.
Arenanın rekonstruksiyası hələ tam başa çatmasa da, “Barselona” ev oyunlarını artıq “Kamp Nou”da keçirir. Daha əvvəl xəbər verilmişdi ki, 2026/27 mövsümü başa çatdıqdan sonra komanda müvəqqəti olaraq “Olimpiya Stadionu”na qayıdacaq.
Kataloniyalılar “Kamp Nou”da dam quraşdırılarkən, 2027-ci ilin iyunundan 2028-ci ilin yanvarına qədər ev matçlarını orada keçirməyi planlaşdırırlar.
