Dani Olmo “Real Madrid”in “Atletiko Madrid”ə derbidə məğlubiyyətindən sonra İspaniya futbolunda hakimlik qərarları ətrafında yaranan müzakirələrə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, RNE-yə müsahibəsində hakim qərarları ilə bağlı artan diqqət barədə danışan “Barselona”nın yarımmüdafiəçisi bu vəziyyətin onu təəccübləndirmədiyini deyib.
“Bu məni təəccübləndirmir. Belə şeylər ola da bilər, olmaya da”, – deyə Olmo bildirib.
İspaniya millisinin üzvü “Barselona”nın bu müzakirələrə qoşulmamağa üstünlük verdiyini və diqqətini öz oyununa və nəticələrinə yönəltdiyini vurğulayıb:
“Biz böyük səs-küy salmamışıq. Qazanırıq və bizim üçün əhəmiyyət kəsb edən yeganə şey budur. Biz meydanda danışırıq”.
Olmo digər klubların bu məsələyə münasibətinin də “Barselona” üçün önəm daşımadığını qeyd edib:
“Başqaları istədiklərini etməkdə azaddırlar. Bizə gəldikdə isə, biz özümüzü oynamağa və qalib gəlməyə həsr edirik”.
Qeyd edək ki, “Barselona” La Liqa mövsümünə güclü start verib. Olmo və komanda yoldaşları hazırda beynəlxalq fasilə ilə əlaqədar İspaniya millisinin düşərgəsindədirlər.
