“Barselona” “Kamp Nou”dan köçür

23 Sentyabr 2026 01:17
33
“Barselona” “Kamp Nou”dan köçür

“Barselona” futbol klubu müvəqqəti olaraq “Kamp Nou” stadionunu tərk edəcək.

İdman.biz ESPN-ə istinadən xəbər verir ki, Kataloniya klubu növbəti mövsümdə ev oyunlarını “Olimpik Lyuis Kompanis” stadionunda keçirəcək. “Barselona”nın yenidən qurulan “Kamp Nou”ya qayıdışı 2028-ci ilin yanvarına planlaşdırılır.

Klubun nümayəndəsi Ferran Olive üzvlərin ümumi yığıncağında bildirib ki, komanda cari mövsümü əsas arenada başa vuracaq, növbəti mövsümə isə “Olimpik Lyuis Kompanis” stadionunda başlayacaq.

Qayıdış zamanı “Kamp Nou”nun tutumu 95 min tamaşaçı olacaq. Rəhbərlik 2028/2029 mövsümündən əvvəl bu rəqəmi 105 minə çatdırmağı planlaşdırır.

Yenidənqurma işlərində yaranan gecikmələr səbəbindən klub üzvləri əlavə 510 milyon avroluq maliyyələşməni təsdiqləyiblər. Bununla da layihənin ümumi xərcləri 2 milyard avroya yaxınlaşıb.

“Barselona” müvəqqəti arenada keçirəcəyi iki mövsüm ərzində təxminən 17 milyon avro əməliyyat xərci çəkəcək, köçün təşkili üçün isə əlavə 24 milyon avro xərcləyəcək.

Qeyd edək ki, yenilənmiş “Kamp Nou” 2029-cu ildə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək. UEFA daha əvvəl bununla bağlı qərar qəbul edib. Stadion 1989 və 1999-cu illərdə də turnirin final oyunlarını qəbul edib.

İdman.Biz