Meksikanın Quanaxuato ştatında həvəskar futbol qarşılaşması silahlı hücumla yarımçıq qalıb.
İdman.Biz xəbər verir ki, hadisə San-Fransisko-del-Rinkon şəhərinin Barrio de Guadalupe ərazisində keçirilən oyun zamanı baş verib. Motosikletlə əraziyə gələn silahlı şəxslər meydanın yaxınlığında olan insanlara atəş açıblar.
Hadisə nəticəsində yeddi nəfər güllə yarası alıb. Onlardan 25 yaşlı Julio Sezar xəstəxanaya çatdırıldıqdan sonra ölüb, digər altı nəfər isə tibbi yardım üçün xəstəxanaya yerləşdirilib. Yerli N+ telekanalının məlumatına görə, ölən şəxs oyun zamanı meydanın yaxınlığında qida satışı ilə məşğul olub.
“Periodico”nun məlumatına görə, ilkin araşdırma hücumun ən azı iki nəfəri hədəf aldığını göstərir. Atışma başlayanda ərazidə panika yaranıb və digər şəxslər də yaralanıblar.
Hücum edən şəxslərin hadisə yerindən qaçdığı və hələlik saxlanılan olmadığı bildirilir.
Qeyd edək ki, yanvarın 25-də də Quanaxuatonun Salamanca şəhərində futbol oyunu zamanı silahlı hücum baş verib, 11 nəfər həlak olub.
