İspaniyalı idman jurnalisti Xosep Pedrerol Pedri və Rafinyanın “Qızıl top”a namizədlər sırasında olmamasına sərt reaksiya verib.
İdman.Biz xəbər verir ki, “El Chiringuito” verilişinin aparıcısı və rəhbəri olan Xosep Pedrerol canlı yayımda “Real Madrid” – “İnter” matçı ilə yanaşı, 2026-cı il “Qızıl top” mükafatı ətrafında da geniş müzakirə aparıb.
Jurnalist Pedri və Rafinyanın namizədlər arasında olmamasına toxunaraq deyib:
“Pedri və Rafinya liqa çempionlarıdır, amma Avropa üçün mövcud deyillər. Dünya Çempionatı və Çempionlar Liqası hesablanan amillərdir. Məncə, Pedri mediatik (mediada, xüsusən televiziya, xəbər saytları və sosial şəbəkələrdə çox görünən, diqqət çəkən və geniş tanınan) deyil. Marketinq təsir edir”.
Verilişdə iştirak edən jurnalist Xuanfe Sanz isə Kilian Mbappeni mükafatın əsas favoritlərindən biri hesab edib:
“Ən yaxşı futbolçu Mbappedir. O, yaxşı Dünya Çempionatı keçirdi, düzdür, heç bir titul qazanmadı, amma 50 qol vurdu. Onu tənqid etmək qeyri-mümkündür. O, “Qızıl top”a layiqdir”.
Proqramın digər iştirakçıları isə Lionel Messinin namizədliyini önə çəkiblər. Matias Palasios “Messinin “Qızıl top”u qazanacağını” bildirib. Kim Domenek də argentinalı ulduzu dəstəkləyərək “Ondan daha mediatik heç kəs yoxdur” deyib.
