Bakıda keçirilən U-15 dünya çempionatı sensasiya ilə başladı: Argentina uduzdu

24 Oktyabr 2026 13:48
133
Bakıda keçirilən U-15 dünya çempionatı sensasiya ilə başladı: Argentina uduzdu

Bakıda futbol üzrə tarixdə ilk FIFA U-15 dünya çempionatı və festivalı start götürüb. Turnirin ilk oyunları artıq gözlənilməz nəticələr və böyükhesablı qələbələrlə yadda qalıb.

İdman.Biz xəbər verir ki, səhər proqramının əsas sensasiyası Argentina yığmasının Əlcəzairə 0:1 hesabı ilə məğlub olmasıdır. Cənubi amerikalılar təşəbbüsə sahib olsalar da, hücumlarda daha fəal təsir bağışlasalar da, üstünlüklərini qola çevirə bilməyiblər. Əlcəzairli futbolçular ikinci hissənin ortalarında vurduqları yeganə qolla komandalarına sensasiyalı qələbə qazandırıblar.

Turnirin ilk böyükhesablı qələbələrindən birinə İndoneziya yığması imza atıb. Komanda Fici seçməsinə heç bir şans verməyərək 7:1 hesabı ilə qalib gəlib. Qaliblərin heyətində Diki Marani və Məhəmməd Hariri Maulana hərəyə iki qol vurublar.

İspaniya yığmasının debütü isə çətin alınıb. Avropa təmsilçisi qarşılaşma ərzində iki dəfə Çilidən geri düşsə də, oyunun gedişini dəyişərək 4:2 hesablı qələbə qazanıb.

İlk oyun gününün digər nəticələrinə gəlincə, Hindistan Laos üzərində 4:2, Malavi isə Çin Taypeyi üzərində 3:2 hesablı qələbə qazanıb. Uels və Banqladeş yığmaları isə qapılara yol tapa bilməyərək 0:0 hesablı heç-heçə ediblər.

Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrın 24-dən 30-dək Bakıda keçirilir. Turnirdə 189 milli komanda iştirak edir. Matçlar 8-ə 8 formatında, hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarətdir.

Azərbaycan yığması bu gün saat 19:30-da “Baku Kristal Zalı”nda Şərqi Timor komandası ilə qarşılaşacaq. Bu oyun dünya çempionatının rəsmi açılış matçı olacaq. Turnirin açılış mərasimi isə həmin arenada saat 19:00-da başlayacaq.

İdman.Biz