Riçard Hyuzun “Əl-Hilal”a keçidi rəsmiləşdikdən sonra İngiltərənin “Liverpul” futbol klubu 2022-ci ildən bəri beşinci dəfə yeni idman direktoru axtarır.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, “Fenway Sports Group”un prezidenti Mayk Qordon yeni idman direktorunun müəyyənləşdirilməsi prosesinə rəhbərlik edir. Klub həm daxili namizədləri nəzərdən keçirir, həm də kənardan mütəxəssis gətirilməsi variantını istisna etmir.
2024-cü ilin yayında kluba qoşulan Hyuz əvvəlcə Arne Slotun, daha sonra isə Andoni İraolanın baş məşqçi təyin olunmasında əsas rol oynayıb. O, ilin əvvəlində Səudiyyə Ərəbistanında yeni çağırış qəbul etmək istədiyini rəhbərliyə bildirib.
Namizədlər arasında Hyuzun köməkçisi olmuş Devid Vudfayn, 2022-2023-cü illərdə “Liverpul”un idman direktoru vəzifəsində çalışan Cülyan Vard və hazırda FSG-də futbolun inkişafı üzrə direktor olan Pedro Markesin adları çəkilir. Paris Sen-Jermendə çalışan Lui Kampos da mümkün namizədlər sırasında göstərilir. Lakin onun yaxın gələcəkdə Fransa klubundan ayrılmaq niyyətində olmadığı bildirilir.
Yeni idman direktorunu isə bir sıra mühüm məsələlər gözləyir. İlk növbədə müqaviləsi mövsümün sonunda başa çatacaq Alisson və gələn yay azad agent statusu qazanacaq komandanın kapitanı Vircil van Deykin gələcəyi müəyyənləşdirilməlidir.
Bundan başqa, Kortis Consun gedişindən sonra yarımmüdafiənin gücləndirilməsi də gündəmdədir. Dominik Soboslai, Rayan Qravenberx və Aleksis Mak Allisterə alternativlərin az olması sıx oyun qrafikində problem yarada bilər. Mak Allisterin “Liverpul”la müqaviləsi 2028-ci ilə qədər qüvvədə olsa da, hazırda onunla yeni sözləşmənin uzadılması istiqamətində danışıqlar aparılmır.
Hücum xəttində isə vəziyyət daha stabil qiymətləndirilir. Klub yayda Kodi Qakponun “Mançester Siti”yə keçidinə icazə verməyib. Bununla belə, yeni cinah oyunçusunun transferi və Qakpo üçün sərfəli təklifin alınması halında niderlandlının gələcəyi yenidən müzakirəyə çıxarıla bilər.
Yeni idman direktorunun qarşısında duran əsas vəzifələrdən biri də baş məşqçi Andoni İraola ilə münasibətlərin qurulması olacaq. İraolanın “Liverpul”a gəlişində Hyuzla əvvəlki əməkdaşlığının mühüm rol oynadığı bildirilir. Buna görə də yeni rəhbərin ispaniyalı mütəxəssislə sıx əməkdaşlıq qurması gözlənilir.
