İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq - RƏSMİ

6 Sentyabr 2026 16:48
27
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq - RƏSMİ

FIFA prezidenti Canni İnfantino 2027-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olacaq.

İdman.Biz xəbər verir ki, bunu dünya futbol qurumu rəsmi açıqlamasında təsdiqləyib. 2016-cı ildən FIFA-ya rəhbərlik edən İnfantino 2027-ci ilin martında keçiriləcək seçkilərdə postunu qorumağa çalışacaq.

FIFA-nın bəyanatında bildirilib ki, İnfantino hələ aprel ayında növbəti seçkilərdə iştirak edəcəyini açıqlayıb və bu qərarında dəyişiklik yoxdur.

İnfantinonun namizədliyi son aylarda onun ətrafında yaranan qalmaqallar fonunda diqqət çəkir. FIFA prezidentinin qurumun bəzi turnirlərində payların özəl investisiya şirkətlərinə satılması ilə bağlı planı ciddi narazılığa səbəb olmuşdu. Layihə sonradan ləğv edilib.

UEFA bu plana kəskin etiraz etmiş, hətta dünya çempionatı da daxil olmaqla FIFA turnirlərini boykot etmək ehtimalını gündəmə gətirmişdi. Son həftələrdə iki qurum arasında münasibətlər daha da gərginləşib. FIFA UEFA-nı quruma və rəhbərliyinə qarşı “qaralama kampaniyası” aparmaqda ittiham edib.

UEFA isə ABŞ-də məhkəməyə müraciət edərək İnfantinonun planı ilə bağlı FIFA-dan sübut və sənədlərin açıqlanmasını tələb edib. Avropa futbol qurumu İsveçrədə cinayət işi ilə bağlı şikayət vermək ehtimalını da istisna etmir.

“BBC Sport”un məlumatına görə, UEFA İnfantinoya rəqib ola biləcək namizədin tapılacağına inanır. FIFA prezidentliyinə namizəd olmaq üçün 211 üzv assosiasiyadan ən azı 106-nın dəstəyini qazanmaq tələb olunur.

Hələlik İnfantinoya qarşı rəsmi şəkildə namizədliyini irəli sürən şəxs yoxdur. Bununla belə, KONKAKAF prezidenti Viktor Montalyani mümkün ciddi namizədlərdən biri hesab edilir.

Namizədlərin sənədlərini təqdim etməsi üçün son tarix noyabrın 18-dir.

İdman.Biz