“Real Madrid”in paylaşımı Çində qalmaqal yaradıb - FOTO

2 Sentyabr 2026 13:34
101
“Real Madrid”in paylaşımı Çində qalmaqal yaradıb - FOTO

İspaniyanın “Real Madrid” futbol klubunun Nepal və Tibetdə baş verən dağıdıcı təbii fəlakətin qurbanları ilə bağlı paylaşımı Çində ciddi narazılıq yaradıb.

İdman.Biz xəbər verir ki, Madrid klubu La Liqanın “Malaqa” ilə oyunundan əvvəl “Santyaqo Bernabeu”da keçirilən bir dəqiqəlik sükut mərasiminin fotosunu sosial şəbəkələrdə yayımlayıb.

Paylaşımda mərasimin Nepal və Tibetdə baş verən daşqınların qurbanlarının xatirəsinə keçirildiyi bildirilib. Məhz “Nepal və Tibet” ifadəsinin işlədilməsi çinli azarkeşlər və yerli media tərəfindən etirazla qarşılanıb.

Çində narazılığın əsas səbəbi Tibetin Nepal ilə eyni formada ayrıca coğrafi-siyasi vahid kimi göstərilməsi olub. Çin tərəfi rəsmi olaraq Tibet Muxtar Bölgəsini ölkənin ayrılmaz hissəsi hesab edir və bu səbəbdən “Nepal və Çin” ifadəsinin işlədilməsini daha düzgün sayır.

Digər La Liqa klublarının oxşar başsağlığı mesajlarında “Nepal və Çin” ifadəsindən istifadə etdiyi də diqqətə çatdırılıb.

Narazılıqlara baxmayaraq, “Real Madrid” paylaşımı silməyib və məsələ ilə bağlı ayrıca açıqlama verməyib.

Qeyd edək ki, avqustun 26-da Himalay bölgəsində baş verən güclü daşqınlar Nepal və Çinin Tibet Muxtar Bölgəsində böyük dağıntılara səbəb olub. Son məlumatlara əsasən, fəlakət nəticəsində ölənlərin sayı min nəfəri keçib, minlərlə insan isə itkin düşüb.

İdman.Biz